“Qarabağ” - “Neftçi” qarşılaşmaları təkcə meydandakı mübarizə ilə deyil, tribunalardakı atmosferlə də diqqət çəkir. Əvvəlki illərin statistikası və builki çempionatda liderlik uğrunda gərgin mübarizə qarşıdakı derbiyə marağı daha da artırır.
İdman.Biz xəbər verir ki, 2025-ci il aprelin 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” - “Neftçi” matçından əvvəl 5 300 biletin satıldığı açıqlanıb. Buna baxmayaraq, qarşılaşmanı 7 200 tamaşaçı izləyib. Qeyd edək ki, satılan biletlərin sayı ilə stadiondakı tamaşaçı sayı fərqli göstəricilərdir.
Həmin il noyabrın 9-da komandalar bu dəfə “Azersun Arena”da üz-üzə gəliblər. Satışa çıxarılan biletlərin hamısının satıldığı bildirilsə də, matçı tribunadan 4 677 tamaşaçı izləyib.
Beləliklə, 2025-ci ildə keçirilən bu iki qarşılaşmada orta tamaşaçı sayı 5 939 nəfər təşkil edib.
Bu mövsüm isə Azərbaycan çempionatında liderlik uğrunda mübarizə daha da qızışıb. “Qarabağ”, “Neftçi” və “Sabah”ın eyni xala malik olması turnir cədvəlində rəqabəti gücləndirməklə yanaşı, qarşıdakı derbinin əhəmiyyətini də artırır.
Əldə etdiyi məlumata görə, builki qarşılaşma üçün bilet satışları da əvvəlki illərlə müqayisədə daha yaxşıdır. Bu, azarkeş marağının yüksək olacağına dair gözləntiləri artırır.
Görəsən, builki derbidə tribunalar nə dərəcədə dolacaq? Azarkeşlər ötən ilin tamaşaçı göstəricilərini geridə qoya biləcəklərmi?
Xatırladaq ki, Azərbaycan Premyer Liqasının səkkizinci turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Neftçi” qarşılaşmasının biletləri hazırda iTicket.az platformasında satışdadır. Standart biletlərin qiyməti 5 manat, VIP biletlərin qiyməti isə 15 manatdır.
