“Qarabağ” sindromu – TƏHLİL

Təhlil
30 Yanvar 2024 14:39
396
“Qarabağ” sindromu – TƏHLİL

Azərbaycan Premyer Liqasının həftəsonu keçirilən XX turu “Kəpəz”lə “Qarabağ”ın Qəbələdəki dueli ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, səfərdə 2:1 hesablı əzmkar qələbə qazanan Qurban Qurbanovun yetirmələri Gəncə təmsilçisi ilə duellərdəki uğurlu seriyanı davam etdirib.

“Kəpəz”in bu matçlardakı qələbəsizliyi isə artıq 31 oyuna çatıb. Gəncəlilərin “Qarabağ” sindromu ölkə çempionatları tarixinin antirekordunun təkrarlanması ilə nəticələnib.

Geridönüşlə 22 illik hegemonluq
“Kəpəz” artıq 22 ildir “Qarabağ”a qalib gələ bilmir. 2002-ci il aprelin 6-dakı 3:0 hesablı darmadağın son qələbə kimi yadda qaib. Futbolumuzda baş verən qiyam və bir illik çempionatsızlıqdan sonra ağdamlılar rəqibinə uduzmayıb.

1992-2002-ci illərdə 14 qələbəsi olan Gəncə klubu cəmi 6 dəfə məğlub olmuşdu. Həmin 14-cü qələbədən 22 il keçsə də, bu rəqəm dəyişməyib.

Bu müddətdə 31 matçda 25 dəfə uduzan qərblilərin təsəllisi 6 heç-heçə olub.

Şəxsi oyunların balansında geridönüş edən “Qarabağ” bu 31 görüşdə 60 qol vurub. “Kəpəz” isə bundan 4 dəfə az – cəmi 15 dəfə fərqlənib.

Gecikən “siftə”
“Kəpəz”in 31 oyunluq sindromuna qədər mütləq antirekord “Zirə”də idi. Qəsəbə klubunun da passivində “Qarabağ”la matçlarda eyni qədər görüşdən ibarət qələbəsizlik var.

Amma cari mövsümün ilk turunda 1:0 hesabına sevinən bakılılar bu seriyanı qırıb. Bunadək 2015-23-cü illərdə baş tutan 31 qarşılaşmada 20 dəfə uduzan “Zirə” 11 heç-heçəyə sevinib. “Qarabağ”ın 65 qoluna isə paytaxt təmsilçisi 15 dəfə cavab verib.

Cari mövsümün sonuncu – IV dövrəsində “Kəpəz” yenə “Qarabağ”ı uda bilməsə, mütləq antirekord qeydə alınacaq. Lakin “Zirə” tarixə gecikən “siftə”nin müəllifi kimi qalacaq. Çünki qəsəbə klubunun 31 oyundan sonra qazandığı qələbə “Qarabağ”la duellərdə ilk uğur olub.

Məğlubedilməzə qarşı
Eyni rəqiblə matçlardakı üçüncü ən uzun qələbəsizlik seriyası iki kluba məxsusdur. Bunlardan biri həm də Azərbaycan çempionatları tarixinə başqa məqamla da düşüb.

Əvvəl OİK, sonra MOİK olan komanda hələ də “Kəpəz” üzərində qələbə görməyib. Bu rəqiblər əvvəllər güclülər dəstəsi adlanan Premyer Liqada 22 dəfə qarşılaşıb. 1995-2011-ci illərə təsadüf edən bu oyunlarda 17 dəfə uduzan “hərbçilər” cəmi 5 heç-heçə ilə xal qazanıb. Bakılılar 9, qərblilər isə 53 dəfə qol sevinci yaşayıb.

Hələ də baş tutmayan qələbə sevincini gözləyən MOİK bunun üçün Premyer Liqaya yüksəlməli, “Kəpəz”in orada yerini qorumasına ümid etməlidir. Bundan sonra isə ilk qələbə ilə seriyaya son qoymaq olar.

Yenə “Qarabağ”la, yenə davam
“Qəbələ”də ən uzun qələbə sindromu yaşayan komandalar sırasına düşüb. “Qırmızı-qaralar” da “Qarabağ”la matçlarda qalib gəlməyi unudub. Bu seriya da hazırda davam etməkdədir.

2017-ci oktyabrın 22-də 1:0 hesablı qələbə qazanan qəbələlilər 6 ildən çoxdur növbəti uğuru gözləyir. Bu müddətdə 22 duel baş tutub.

Yalnız 4 heç-heçə edən “qırmızı-qaralar” artıq 18 dəfə uduzub. “Qarabağ”ın 50 qoluna isə yalnız 9 topla cavab verib.

“Dondurulan” sindrom: “İnter”lə son
Ən uzun beş analoji seriya arasında “Qarabağ”la davam edən daha bir duel də yer alıb. Lakin “Şamaxı”nın ağdamlılarla rəqabəti dondurulmuş vəziyyətdədir. Çünki aşağı liqaya yuvarlanan komanda Premyer Liqaya qayıtmalıdır ki, seriya ya qırılsın, ya davam etsin.

“Şamaxı” son 19 qarşılaşmada “Qarabağ”ı udmayıb. Bu matçlarda 13 dəfə uduzan komanda yalnız 6 bərabərliklə kifayətlənib. 8 qol vuran şamaxılılar 46-nı buraxıblar.

Son qələbə isə 2018-ci il mayın 12-nə təsadüf edib. Həmin vaxt “İnter” adı ilə Bakını təmsil edən klub “Qarabağ”ı 3:0 hesabı ilə yenib. Artıq növbəti dueldə “Keşlə”, bir müddət sonra “Şamaxı”ya çevrilən komanda bu adlarla qələbə qazanmayıb.

Vüqar Xeyrullayev
İdman.biz