“Turan Tovuz” və “Fənərbağça” 32 ildən sonra üz-üzə - İDMAN.BİZ-in İCMALI

3 Oktyabr 2026 15:39
94
“Turan Tovuz” və “Fənərbağça” 32 ildən sonra üz-üzə - İDMAN.BİZ-in İCMALI

Bu gün, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda “Turan Tovuz” və Türkiyənin ən titullu klublarından biri olan “Fənərbağça” arasında yoldaşlıq görüşü keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna yönəldiləcək.

İdman.Biz xəbər verir ki, komandalar 32 ildən sonra ilk dəfə qarşılaşacaqlar. Onların əvvəlki görüşləri 1994-cü ildə UEFA Kubokunun ilkin mərhələsində baş tutub. Avqustun 9-da “Fənərbağça” İstanbulda 5:0 hesabı ilə qalib gəlib, avqustun 23-də isə Sumqayıtda keçirilən cavab oyununda 2:0 hesablı qələbə qazanıb. Beləliklə, bugünkü matç klublar arasındakı qarşıdurma tarixində üçüncü oyun olacaq.

Qeyd edək ki, “Fənərbaxça” oktyabrın 2-də Bakıya gəlib. İstanbul klubu təyyarədən düşdükdən sonra sosial şəbəkələrdə Azərbaycan və Türkiyə bayraqlarını paylaşaraq “Salam, qardaş, Can Azərbaycan!” sözlərini yazıb.

Beynəlxalq fasiləyə baxmayaraq, azarkeşlər qonaqların heyətində bir sıra tanınmış futbolçuları görə biləcəklər. Bakıya braziliyalı qapıçı Ederson, türkiyəli qapıçı Mert Günok, portuqaliyalı müdafiəçi Nelson Semedo, ispaniyalı yarımmüdafiəçi Marko Asensio, fransalı yarımmüdafiəçi Matteo Genduzi, fransalı yarımmüdafiəçi Nqolo Kante və ingiltərəli hücumçu Meyson Qrinvud gəlib. Onlarla birlikdə “Fənərbağça” akademiyasının bir sıra gənc futbolçuları da səfər heyətinə daxil edilib.

Bununla yanaşı, Türkiyə klubu bir qrup aparıcı futbolçusunun xidmətindən məhrumdur. Milli komandalara çağırıldıqları üçün Bakıda, xüsusilə, türkiyəli Kerem Aktürkoğlu, türkiyəli İsmayıl Yüksək, türkiyəli İrfan Can Kahveci, türkiyəli Oğuz Aydın, niderlandlı Natan Ake, slovakiyalı Milan Şkrinyar və belçikalı Romelu Lukaku yoxdur. Mert Müldür isə dizindən aldığı zədə səbəbindən görüşü buraxacaq.

“Turan Tovuz”da da itkilər var. Rahil Məmmədov və Rəhim Sadıxov artıq oktyabrın 4-də Millətlər Liqasında Litva ilə qarşılaşacaq Azərbaycan millisinin düşərgəsindədir. Qapıçı Oleq Baklov isə Çində təlim-məşq toplanışını davam etdirən Tacikistan millisinə çağırılıb. Tacikistan oktyabrın 6-da Çinlə qarşılaşacaq.

Bununla belə, Qurban Berdıyev əsas heyətin böyük hissəsinin xidmətindən yararlana bilər. Meydana Hayderson Hurtado, Roderik Miller, Aleks Serrano, Roberto Olabe, Jo Batista, İbraima Vaje, Diogo Balau və Azərbaycan çempionatında müntəzəm çıxış edən digər futbolçuların çıxması mümkündür.

“Turan Tovuz” Premyer Liqada son oyununda “Zirə”ni 1:0 hesabı ilə məğlub edib. “Fənərbağça” isə fasilə ərəfəsində “Eyüpspor”u 8:0 hesabı ilə darmadağın edib.

Qarşılaşma zamanı tribunlarda xüsusi atmosferin olacağı gözlənilir. Oktyabrın 2-si axşamına olan məlumata görə, oyuna təxminən 25 min bilet satılıb. Bununla yanaşı, Azərbaycanın “Genç Fenerbahçeliler” azarkeş qrupu xüsusi xoreoqrafiya hazırlayır. Təşkilata kömək etmək üçün fan-klubun rəhbəri Mehmet Dəmir və Türkiyədən bir neçə azarkeş də Bakıya gəlib.

Dəmirin sözlərinə görə, aksiya klubun azərbaycanlı və türkiyəli azarkeşlərinin birliyini nümayiş etdirməlidir. Xoreoqrafiya zamanı konkret olaraq hansı təsvirin yaradılacağı isə hələlik açıqlanmayıb.

Beləliklə, avrokuboklardakı görüşlərdən 32 il sonra “Turan Tovuz” və “Fənərbağça” yenidən eyni meydanda qarşılaşacaq. Bu dəfə komandaların dueli Bakıda keçiriləcək yoldaşlıq görüşündə baş tutacaq və matçın təkcə futbol deyil, həm də azarkeşlər üçün böyük hadisəyə çevriləcəyi gözlənilir.

Əlavə edək ki, “Fənərbağça”nın bu oyundan əvvəl Azərbaycan klubu ilə keçirdiyi son yoldaşlıq görüşü 15 iyul 2023-cü ildə olub. İstanbul təmsilçisi Sankt-Peterburqda keçirilən mövsümöncəsi “Pari Premyer Kuboku” turnirində “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu 72-ci dəqiqədə bosniyalı hücumçu Edin Dzeko vurub. O, bu qolda Rayan Kentin ötürməsindən yararlanıb. Maraqlıdır ki, bu, bosniyalı forvardın “Fənərbaxça”da ilk qolu olub.

Bundan əvvəl komandalar 18 yanvar 2014-cü ildə Türkiyədə keçirilən yoxlama oyununda qarşılaşıb və matç 0:0 hesabı ilə başa çatıb.

İdman.Biz