“Karvan-Yevlax”ın icraçı direktoru ilk üç turu qiymətləndirdi

3 Oktyabr 2026 14:22
53
“Karvan-Yevlax”ın icraçı direktoru ilk üç turu qiymətləndirdi

“Fikrimcə, sıfırdan formalaşan bir komanda üçün geridə qalan üç turun nəticələrini normal qiymətləndirmək olar”.

Bu sözləri “Karvan-Yevlax” futbol klubunun icraçı direktoru Elvin Əjdərli deyib.

Əjdərli komandasının geridə qalan ilk turlarda çıxışını dəyərləndirib.

“Təbii ki, “yaxşıdır” demək düzgün olmaz, çünki daha yaxşı nəticələr əldə edə bilərdik. Amma nəzərə almaq lazımdır ki, çempionat yeni başlayıb. Hazırda əsas məqsədimiz komandanın oyununu və strukturunu daha da inkişaf etdirmək, hər turda üzərimizə düşən işləri daha yaxşı yerinə yetirməkdir. Mövsümün sonunda hansı nəticələrin bizi gözlədiyini indidən proqnozlaşdırmaq çətindir. Bizim isə bir əsas amalımız və istəyimiz var: “Karvan-Yevlax”ın öz tarixi yerinə premyer liqaya qayıtması. Bu istiqamətdə əlimizdən gələni edəcəyik”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Əjdərli milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilənin komandanın işinə yarayacağını da vurğulayıb:

“Milli fasiləni komandamız üçün yaxşı fürsət hesab edirəm. Belə fasilələr zamanı futbolçuların bir-birini daha yaxından tanıması, komanda daxilində anlaşmanın və oyun əlaqələrinin daha da möhkəmlənməsi üçün imkan yaranır. İnanırıq ki, bu müddətdə görülən işlər qarşıdakı oyunlarda öz nəticəsini göstərəcək və futbolçularımız meydanda daha yaxşı oyun sərgiləyəcəklər”.

Qeyd edək ki, aktivində altı xal olan “Karvan-Yevlax” üç turdan sonra turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

İdman.Biz