“Araz-Naxçıvan”ın baş məşqçisi məğlubiyyətin səbəbini açıqladı: “Futbolu 11 nəfər oynamır”

22 Noyabr 2026 18:38
45
“Araz-Naxçıvan”ın baş məşqçisi məğlubiyyətin səbəbini açıqladı: “Futbolu 11 nəfər oynamır”

Futbol üzrə Misli Premyer Liqasının 12-ci turunda “Neftçi”yə 1:3 hesabı ilə məğlub olan “Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksimov qarşılaşmadan sonra komandasının çıxışını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis mətbuat konfransında ilk buraxılan qolun oyunun gedişinə təsir etdiyini bildirib.

“Lider komandaya qarşı oynayacağımızı bilirdik. Daha çox topla oynamağa, topa nəzarət etməyə çalışdıq. Amma buraxılan birinci qol bizi büdrətdi. Fasiləyə qədər hesabı bərabərləşdirməyi çox istəyirdik. İkinci hissədə yenə qollar buraxdıq”, - deyə Maksimov bildirib.

Baş məşqçi heyətdəki zədə problemlərinə də toxunub. Onun sözlərinə görə, zədəli futbolçuların çoxluğu əvəzetmə imkanlarını məhdudlaşdırıb:

“Futbolu 11 nəfər oynamır. Bizim dəyişməli olduğumuz oyunçularımız da var idi, ancaq zədəlilərimiz çox olduğuna görə heyətdən maksimum istifadə edə bilmədik. Cavan oyunçulara da şans verdik. Halbuki onlar bəlkə də ilk dəfə Premyer Liqa oyununa çıxırdılar”.

Maksimov komandasının müdafiədəki problemlərini etiraf etsə də, mübarizəni davam etdirəcəklərini vurğulayıb:

“Aydın məsələdir ki, qollar buraxırıq. Amma yenə də yolumuza davam edirik”.

Qeyd edək ki, Şamaxıda keçirilən qarşılaşmada “Neftçi” Qustavo Klismanın dublu və Draqolyub Saviçin qolu sayəsində 3:1 hesablı qələbə qazanıb. “Araz-Naxçıvan”ın yeganə qolu isə Rüfət Abbasovun avtoqolu nəticəsində qeydə alınıb.

İdman.Biz