Qurban Qurbanov: “Beş oyundur qələbə qazanmamağımız bizi narahat edir”

22 Noyabr 2026 19:45
37
Qurban Qurbanov: “Beş oyundur qələbə qazanmamağımız bizi narahat edir”

“Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 12-ci turunda “Kəpəz”lə qolsuz başa çatan qarşılaşmanı dəyərləndirib. Təcrübəli mütəxəssis komandasının son oyunlardakı nəticələrindən narahat olduğunu gizlətməyib.

İdman.Biz xəbər verir ki, Qurbanov oyunsonrası mətbuat konfransında ilk növbədə Gəncə şəhər stadionundakı atmosferə diqqət çəkib. O, azarkeşlərin dəstəyini yüksək qiymətləndirərək meydanda Avropa kuboklarını xatırladan mühitin yarandığını vurğulayıb.

Gəncədəki futbol ab-havasının ona əvvəlki illəri xatırlatdığını söyləyən Qurbanov 2004-cü ildə keçirilən “qızıl oyun”u yada salıb. O, tribunaların davranışını da xüsusi qeyd edərək azarkeşlərin nalayiq ifadələr işlətməməsini müsbət hal kimi dəyərləndirib.

Komandasının çıxışına toxunan mütəxəssis futbolçuların sona qədər mübarizə apardıqlarını, lakin istənilən nəticənin əldə olunmadığını bildirib. Onun sözlərinə görə, “Qarabağ”a qarşı oynayan komandaların motivasiyası həmişə yüksək olur və bu, Azərbaycan çempionatında rəqabətin artdığını göstərir.

Qurbanov “Kəpəz”in xüsusilə ilk hissədə fəal olduğunu, meydan sahiblərinin sürətli əks-hücumlar qurmağa çalışdıqlarını diqqətə çatdırıb.

Baş məşqçi “Qarabağ”ın əvvəlki mövsümlə müqayisədə fərqli oyun nümayiş etdirdiyini də etiraf edib. Onun fikrincə, komanda ötən mövsüm topa daha çox nəzarət edirdisə, indiki heyətdə sürətli futbolçuların sayı artıb. Bununla belə, mütəxəssis oyunun tempindən tam razı deyil.

“Beş oyundur qələbə qazanmamağımız, əlbəttə ki, bizi narahat edir”, - deyən Qurbanov yaranmış vəziyyətə baxmayaraq, komandasında müsbət dəyişikliklər gördüyünü vurğulayıb.

O, Premyer Liqanın səviyyəsinin yüksəlməsinə də münasibət bildirib. Qurbanovun sözlərinə görə, çempionatda çalışan məşqçilər inkişaf edib, rəqiblərin oyun təcrübəsi artıb. Bu səbəbdən əvvəlki mövsümlərlə müqayisədə nəticə qazanmaq daha çətindir.

Mütəxəssis uzun müddət zədə səbəbindən meydana çıxa bilməyən Bəhlul Mustafazadənin vəziyyətindən də danışıb. Baş məşqçi müdafiəçiyə əvvəlcə təxminən 60 dəqiqə oynamaq imkanı verməyi planlaşdırsa da, futbolçunun görüşü davam etdirmək istədiyini bildirib. Qurbanov Bəhlulun kritik epizodda topu qapı xəttindən çıxarmasını xüsusi qiymətləndirib.

Kadi Borqesin fiziki hazırlığı ilə bağlı suala cavab verən baş məşqçi braziliyalı yarımmüdafiəçinin artıq çəkisinin olduğunu təsdiqləyib. O, fasilələrin bəzən futbolçuların idman formasına mənfi təsir göstərdiyini, buna baxmayaraq, Kadinin oyununda müsbət məqamların da nəzərə çarpdığını söyləyib.

Qurbanov heyətin gücləndirilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, klub ilboyu yeni futbolçuların axtarışını aparır. Bununla yanaşı, əsas məqsəd hazırkı heyətin potensialından daha səmərəli istifadə etməkdir. Baş məşqçi yeni transferlərin komandaya uyğunlaşma müddətinin fərqli olduğunu və hər futbolçuya lazımi vaxt verildiyini qeyd edib.

“İstədiyimiz kimi alınmır, amma geriyə yolumuz yoxdur”, - deyən Qurbanov qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanacaqlarına inandığını ifadə edib.

Baş məşqçi mövsüm ərzində komandaların idman formasında dəyişikliklərin qaçılmaz olduğunu da xatırladıb. O, “Qarabağ”ın yüksəliş dövrünə qədəm qoya biləcəyini, digər rəqiblərin isə müəyyən mərhələdə eniş yaşayacağını istisna etməyib.

Qeyd edək ki, Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” - “Qarabağ” qarşılaşmasında hesab açılmayıb. Bu nəticədən sonra Ağdam təmsilçisi 20, Gəncə komandası isə 18 xala sahib olub.

İdman.Biz