“Kəpəz” futbol komandasının baş məşqçisi Azər Məmmədov “Qarabağ”la qolsuz heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında futbolçularının çıxışından razı qaldığını deyib.
İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının ilk hissədə hesabda önə keçmək üçün imkanlar yaratdığını vurğulayıb.
“Azərbaycan futboluna və onun tanınmasına böyük töhfə verən komandaya qarşı oynadığımızı bilirdik. Bizim üçün çox çətin və ağır oyun oldu. Buna baxmayaraq, komandamız ən yaxşı oyunlarından birini keçirdi. Birinci hissədəki qol imkanlarından yararlansaydıq, hesabda önə çıxa, hətta qələbə qazana bilərdik. “Qarabağ”ın da imkanları oldu. Düşünürəm ki, oyunun ədalətli nəticəsi heç-heçə idi”, - deyə baş məşqçi bildirib.
Məmmədov rəqibin “Qəbələ” və “Turan Tovuz”la görüşlərini təhlil etdikdən sonra beş müdafiəçi ilə oynamağa qərar verdiklərini açıqlayıb:
“Qarabağ”ın əsas gücünü cinahlarda görürük. Çox yaradıcı futbolçuları var. Təhlil zamanı gördük ki, dörd müdafiəçi ilə oynayan rəqiblərinin cinahlarında boşluqlar yaranır və “Qarabağ” bundan rahat istifadə edir. Beşli müdafiəni də yarırlar, sadəcə, bu zaman bir qədər çətinlik çəkirlər. Buna görə milli fasilədən etibarən məşqlərimizi bu sistem üzərində qurduq. Bu gün 5-3-2 sistemi ilə oynadıq və komandamız yaxşı çıxış etdi”.
Baş məşqçi ikinci hissədə fəallığın azalmasını məhdud heyət və futbolçuların yorğunluğu ilə əlaqələndirib. O, komandanın kompakt müdafiəyə və əks-hücumlara üstünlük verdiyini də söyləyib:
“Məni sevindirən məqamlardan biri qol buraxmamağımızdır. Son oyunlarda ümumiyyətlə az qol buraxırıq. Kompakt oynamağa və əks-hücumlarda rəqibi cəzalandırmağa çalışırıq. Birinci hissədə yaxşı imkanlarımız oldu. İkinci hissənin əvvəlində də Viktorun qolla nəticələnə biləcək epizodu var idi.
Heyətdə dəyişikliklər edirik, amma geniş ehtiyat qüvvəmiz yoxdur. Yeddi-səkkiz futbolçumuz demək olar ki, hər oyunda meydana çıxır. Buna görə yorğunluq qaçılmazdır. Çalışırıq ki, futbolçularımız tez bərpa olunsunlar”.
Məmmədov dekabrın 22-dək təxirə salınan qarşılaşma və kubok görüşü də daxil olmaqla altı oyun keçirəcəklərini xatırladıb. O, noyabrın 28-də “Turan Tovuz”la qarşılaşacaqlarını, qarşıdakı sıx qrafikdə futbolçuların bərpasına xüsusi diqqət yetirəcəklərini bildirib.
Mütəxəssis stadionu dolduran azarkeşlərə də təşəkkür edib:
“Həmişəki kimi onların dəstəyini hiss etdik. Həm azarkeşlərimizə, həm də bu gün onlara gözəl anlar yaşadan futbolçularıma çox təşəkkür edirəm”.
