“Qəbələ”nin baş məşqçisi: “Şansımız daha da aşağı düşür”

Xəbərlər
28 Yanvar 2024 20:51
168
“Qəbələ”nin baş məşqçisi: “Şansımız daha da aşağı düşür”

“Meydanda bir-birinə layiq rəqiblər var idi. Komandamızın göstərdiyi əzmkarlıqdan razı qaldım”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XX turunda uduzan “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.

“Neftçi”yə 1:3 hesabı ilə uduzan komandanın çalışdırıcısı qırmızı vərəqələr və penaltilər barəsində danışıb. Baxşıyev azarkeşləri anlayışla qarşıladıqlarını bildirib: “Dinamik oyuna şahidlik etdik. Əlbəttə, nəticə yoxdur. Biz də başa düşürük ki, futbolda ən önəmli olan nəticədir. Son oyunlarda istədiyimizi futbolçulardan alırıq, amma nəticəyə çatmırıq. Daha çox çalışmaq lazımdır ki, həmin uğurlu nəticəyə çataq. Hər matçda qırmızı vərəqə, penalti ilə cəzalananda şansımız daha da aşağı düşür. Bunları azaltsaq, oyun planında inkişaf edərik. Hər bir futbolçumuza inanırıq. Oyunçularımız təslim olmayıb, mübarizə aparmaq istəyirlər. Daha məsuliyyətli olacağıq ki, uğur qazanaq. Azarkeşlər sonuncu yerdə qərarlaşan komandadan razı qala bilməz. Onları da başa düşürük. Ümid edirik ki, bu komanda toparlanacaq və daha uğurlu olacaq”.

Qeyd edək ki, “Qəbələ” 14 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

İdman.biz