“Sabahın ulduzları” həqiqətən də çox möhtəşəm layihədir. Ən gözəl məqam isə uşaqların Azərbaycan himni sədaları altında oyuna başlamasıdır”.
“İdman.Biz” xəbər verir ki, bu sözləri “Rekord” futbol klubunun U-15 komandasının baş məşqçisi Elşad Məmmədov “Sabahın ulduzları” layihəsi ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
Mütəxəssis layihənin təşkilatçılığını yüksək qiymətləndirib və gənc futbolçuların vətənpərvər ruhda böyüməsindəki rolunu vurğulayıb:
“İlk növbədə Azərbaycan Futbol Federasiyasına və Bakı Futbol Federasiyasının rəhbərliyinə möhtəşəm atmosferə görə təşəkkürümü bildirirəm. Onlar uşaqlarımıza çox gözəl şərait və təəssüratlar yaşadırlar. Düşünürəm ki, 'Sabahın ulduzları' layihəsi əvvəllər də mövcud idi, amma builki təşkilatçılıq həqiqətən möhtəşəmdir. Bu, Azərbaycan futbolçularının, Azərbaycan balalarının vətənpərvər ruhda böyüməsi üçün çox xüsusi amildir”.
E.Məmmədov layihənin gələcək perspektivlərindən və uşaq futbolunun inkişafına verəcəyi töhfələrdən də söz açıb:
“Düşünürəm ki, bundan sonra da bu layihə ənənə halını alar və uşaqlar üçün böyük bayrama çevrilər. Bayram olan yerdə, rəqabət olan yerdə inkişaf da olacaq. Zaman keçdikcə görəcəyik ki, bu gün 'Sabahın ulduzları'nda iştirak edən oyunçularımız Azərbaycan Premyer Liqasının aparıcı futbolçularına çevriləcəklər”.
