“O vaxt “ağ-qaralar”ın heyətində çox güclü futbolçular oynayırdı”.
Bunu “Mingəçevir”in sabiq baş məşqçisi Ədahim Niftəliyev futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Dünyaya Mingəçevirdə göz açmısınız. Valideynləriniz hansı sahədə çalışıb?
– Mən fəhlə ailəsində doğulmuşam. Atam-anam zavodda işləyib. Ailəmizdə futbolçu da olmayıb. Amma atam hərbi xidmətdən qabaq oynayıb. Sonra ayağında ağır zədəyə görə oynamağın başını buraxıb.
– Ədahim nadir addır. Bu adı sizə kim qoyub?
– Ədahim babamın adıdır. Çox adam bu sualı mənə verib, mən də maraqlanmışam. Çox axtardım, axırda tarixi bilən bir yaxın adamdan müəyyənləşdirdim. Daha doğrusu, o da axtarışa çıxıb və öyrənib ki, bu adın mənası “cənnət bağı”dır.
– Futbola maraq haradan qaynaqlanıb?

– 80-ci illərdə Mingəçevirdə hər məhəllənin öz komandası olub. Məhəllələr arasında yarışda hamıdan seçilirdim. Bizdə bir Baloğlan müəllim var idi, komanda çalışdırırdı. Bir dəfə mənim oynadığımı görmüşdü və komandasına dəvət etdi. Amma futboldan qabaq ən birinci güləşə getmişəm. Öz yaşıdlarımın öhdəsindən gəlirdim. Bir dəfə məni özümdən 5 yaş böyüyün qabağına atdılar. Ona uduzandan sonra güləşməyi tərgitdim. Uduzmağı sevən adam olmamışam. Sonra bir müddət avarçəkməyə getdim. Bundan sonra futbolda Ənvər müəllimin komandasına yazıldım. O da 1974/75 təvəlllüdlü uşaqları çalışdırırdı. Mən də yaşımı gizlətdim, 1976-cı ildən olduğumu dedim. 1 ay sonra bizi Qubaya turnirə aparırdılar. Amma 1975 təvəllüdlülər olmalı idi. Dedilər doğum şəhadətnamənizi gətirin, dedim vəssəlam, bunun üstü açılacaq. Gətirib “metirka”nı digərlərinin arasına atıb qaçdım. Elə oldu ki, turnirin ən yaxşı oyunçusu seçildim. Ənvər müəllim üstümə gəlib dedi ki, “zatı qırıq, məni aldatmısan?”. Dedim ki, düzünü desəydim, məni aparmayacaqdınız. Qayıtdı ki, “sən nə danışırsan, özündən yaşca böyüklərə qarşı möhtəşəm oynamısan, sən əsl istedadsan”! Artıq 15 yaşımda “Kür-Nur”a dəvət aldım. Biz o vaxt Mənzil Kommunal Təsərrüfat İdarələri arasında keçirilən turnirlərdə iştirak edirdik. Rusiyanı, Ukraynanı gəzirdik. Demək olar ki, 1 ildə 3 ay məktəbə gedirdim. Biz Mingəçevirin yığması kimi oynayırdıq. Axırıncı dəfə Ukraynada Mariupola getmişdik. Bizimlə birgə “Kür-Nur”un baş məşqçisi Əli müəllim də yollanmışdı. Orada turnirin ən yaxşısı seçildim. Ukraynada bəyənildim və öyrəndilər ki, 14 yaşım var. Dedilər bunu şəhərimizdə saxlayıb əsas komandaya götürmək istəyirəm. Əli müəllim qoymadı, dedi ki, qayıdaq, səni “Kür-Nur”a götürəcəyəm. Bundan sonra “Kür-Nur”a Yuri Konstantinoviç Lukin gəldi. Bizdən “normativ” götürdü, mən 14 yaşımda mükəmməl göstəricilərlə yadda qaldım. Artıq o vaxtdan da əsas komandaya dəvət aldım. Bundan sonra məni dərhal yeniyetmələrdən ibarət yığmaya götürdülər. Burada da iki oyun keçirdikdən sonra Fuad Musayev məni gənclərdən ibarət milliyə dəvət etdi.
– Mingəçevirli azarkeşlər iddia edir ki, 1994/95 mövsümündə kubokun finalında “Neftçi”yə qarşı oyunda “Kür-Nur”a qarşı haqsızlıq olub…
– Haqsızlıq deyəndə ki, futboldur, kim güclüdürsə, o da qalib gəlir. Biz həmin oyunun ilk hissəsini “Neftçi”dən yaxşı oynadıq. Həmin matçda Samir Ələkbərov meydanda olmalı idi, amma zədə səbəbindən meydana çıxmadı. O oynasaydı, nəticə fərqli ola bilərdi. Hakim də “Neftçi”nin qolundan sonra çöndü. Ona qədər normal mübarizə gedirdi. Qolu da Yunis Hüseynov “rikoşet” nəticəsində vurdu.
– “Neftçi”dən dəvət necə gəldi?
– O vaxt “ağ-qaralar”ın heyətində çox güclü futbolçular oynayırdı. Bir dəfə bu komanda Mingəçevirə gəldi. Mən həmin matçda Samir Ələkbərova qarşı oynadım və ona göz açmağa imkan vermədim. Bu yuxarıda haqqında danışdığımız kubok matçından əvvəl olub. Sonra elə oldu ki, gənclərdən ibarət millinin düşərgəsində olanda Samir məni gördü və hörmətlə danışmağa başladı. Yaşımı soruşanda “16” dedim. Nə etsə yaxşıdır? Mənə bir sillə. Deyir “mən də elə bilirəm ki, sənin 20-25 yaşın var. Mənim başıma 16 yaşında uşaq oyun açıb ki?” Elə oldu ki, Ələkbərov məni Vaqif Sadıqova məsləhət gördü, o da məni “Neftçi”yə dəvət etdi. Gəldim, məşq etdim, amma Fuad Musayev buna imkan vermədi. Dedi “vaxtın çatanda bura keçərsən”. Qayıtdım dala, bir müddət sonra “Kür-Nur”da sponsor problemi yarandı. Mənim də əsgərlik vaxtım çatdı. Belədə Vaqif Sadıqov mənə zəng edib əsgərlik problemini həll edəcəklərini söylədi. Mən də “Neftçi”yə gəldim. Deyəsən, 1996-cı ildə biz Birlik Kubokuna getdik. Orada Valeri Lobonovski məni Kiyev “Dinamo”sunda görmək istədi. Ukraynalılar Rasim Rəfiyevlə danışdı, rəhbərlik mənə görə onlardan 5 min dollar istədi. Razılaşdılar. Bakıya qayıdıb Kiyevə yola düşəcəkdim ki, əsgərlik yaşı çatan futbolçuların hamısının MOİK-ə yollanması ilə bağlı qərar çıxdı. Bizi bazadan tutub apardılar. Mən gizləndim, Kiyevə zəng edib əhvalatı danışdım, dedilər “pul lazımdırsa, göndərək, özün həll et, biz dövlətin işinə qarışa bilmirik”. MOİK-in rəisi ilə görüşdüm, 5000 təklif etdim, yaxın durmadı. Mais Əzimovu evindən tutub apardılar, İlham Yadullayevi stadiondan çıxanda qandallayıb maşına mindiriblər. Həmin vaxt mənim sənədlərimlə də bağlı problem çıxdı. Hərbi komissarlıqda sənədlərim itmişdi. Üstünə düşdüm, nəticədə sənədlərim Qarabağda şəhid olanların sənədlərinin arasına düşmüşdü.
– 2002-ci ilə qədər “Neftçi”də qaldınız…

– Doğrudur. Oradan da “Qarabağ”a keçdim. Əhməd Ələsgərov gedəndən sonra “Neftçi”yə Kazbek Tuayev gəldi. O vaxt da “Neftçi” mənə ev verməli idi. Komandanın rəhbəri Aqil Paşayev bizi Ramiz Mirzəyevə tapşırdı. Yeni rəhbərə dedi ki, burada işlədiyim vaxt kimə nə söz vermişəmsə, onu yerinə yetirmişəm, bircə Ədahimə ev boyun olmuşam, hələ bunu həyata keçirə bilməmişəm. Amma bu problem Mirzəyevin dövründə həll olunmadı. 3 aydır ki, oynayıram, nə ev ala bilirəm, nə də maaş. Fuad Musayevə şikayət etdim. O da ərizə yazmağımı istədi. Qanunla 3 ay ərzində maaşı ala bilmirsənsə, azad agent statusu ilə klubdan ayrıla bilərsən. Həmin ərəfədə də Gəncədə oyunumuz var idi, qatarla getməli idik. Mən getməkdən imtina etdim. Ailəm var, kirayə pulunu ödəməliyəm, evi kirayə verən də bizi oradan çıxarır. Dedim ki, evdən çıxmamaq üçün lazım olan məbləği verin, qalıram. Vermədilər. Biz də “Neftçi”dəki uşaqlarla sözü bir yerə qoyduq ki, Gəncəyə getmirik. Sonra eşitdim ki, komanda gedib, yalnız 4 nəfər qatara minməyib: mən, Elxan Həsənov, Bəxtiyar Musayev və Arif Əsədov. Komanda orada 1:2 hesabı ilə uduzdu. Bakıya gələndən sonra Kazbek Tuayev məndən şikayətlənib. Mən sözümü demişdim. Ramiz Mirzəyev də əsəbləşib, deyib ki, “nə qədər ki, mən buradayam, Ədahim futbol oynamayacaq”. Mən də ona dedim ki, səndən ev istəmirəm ki, heç olmasa, kirayə qalmaq üçün pulumu ver, mənim sənə borcum yoxdur, sənin mənə borcun var”. Qayıtdı ki, “sənin mənimlə belə danışmağa haqqın yoxdur”. Dedim ki “sən kimsən axı, zavod müdiri, mən də futbolçu. Zavodunda fəhlə işləsəm, sənə tabe olaram, amma mən millinin futbolçusuyam”. Fuad müəllimlə görüşdüm, mənə 10 gün məşqə çıxmağımı xahiş etdi. Bunu da yerinə yetirdim. Nəticədə AFFA mənə azad agent statusu verdi. Mən də “Qarabağ”ı seçdim. Onda baş məşqçi Şahin Diniyev idi Amma mən Ağdam klubuna keçəndə çempionat artıq dayanmışdı. Daxili turnir keçirildi, orada biz 1-ci yeri tutduq. Mükafat fondu da kiçik idi. 1 il “Qarabağ”da qalandan sonra Şahin müəllimə yaxınlaşıb maaşımın bir az artırılmasını istədim. Çünki çox az idi. Artıq verə bilməyəcəklərini dedi. 3 min dollar istəyirdim, 2 min verə biləcəklərini dedilər. O vaxt ailədə sağlamlıq problemlərinə görə borca düşmüşdüm. Diniyevə dedim ki, 3 mini əvvəlcədən verin, bir müddət pulsuz oynayaram, problemlərimi həll edim. Vermədi. Özünə dedim ki, “mən sənə görə yığmadan gələn dəvəti rədd etdim”. O vaxt Fuad Musayevə görə bəzi klublar yığmaya oyunçu vermirdi. Şahin müəllim də bizə demişdi ki, mənə görə milliyə getməyin!” Həmin vaxt yadınızdadırsa, milli səfərdə Serbiya və Çernoqoriya ilə 2:2 hesablı heç-heçə oynamışdı. Klubdan bizi sıxdılar ki, getməyin, getsəniz, pulunuz verilməyəcək…
– Bəs Qurban Qurbanov və digərləri necə getdi?
– Bilmirəm, onların aralarında nə oldusa, düşərgəyə qoşuldular. Getdim İrana. Bu məsələdə mənə Nadir Şükürov kömək etdi. “Mis Kerman”a müdafiəçi lazım idi. Bir müddət gözləməli idim ki, onların çempionatı bitsin. Həmin vaxtda I Liqada oynayan “Karat” mənə təklif göndərdi ki, İrana gedənə qədər bizə kömək et, yola düşsən, biletini də biz alacağıq. Bunlara kömək etdim. Sağ olsunlar, sözlərinin üstündə durdular. Orada zülümlə gedib çıxdım. Tehran hava limanında 1 gün qaldım. Sonra da Kermanın hava limanına gedib nə görsəm yaxşıdır? Ağ kəfənlər. Bəmdə dəhşətli zəlzələni xatırlayırsınız? 80000 adam ölmüşdü. Yanvar ayı, 30 dərəcə isti. Meyidlər iylənir, dəfn edə bilmirlər. Traktorla yeri qazıb elə atırdılar onları. Gördülər ki, çatdıra bilmirlər, yaponlara süni qar yağdırtdılar. Həmin ərəfədə qar havası mənə çox kömək etdi. Elə oldu ki, Kirmanda təyyarədən düşüb məni stadionda oyuna apardılar. Mənə dedilıər ki, bizə cinah yox, mərkəz müdafiəçisi lazımdır. Dedim mərkəzdə oynaya bilərəm. İndi yeriyirəm, ayağım qıc olur. Hava çatışmazlığından bədənə oksigen getmir. İstidən udquna bilmirsən. Futbol da ki, nə futbol, o qabağa vurur, bu qabağa vurur. İlk 15 dəqiqədə ayağıma top düşmür. Bir müddət sonra topu qəbul edib uzun ötürmə etdim, nigeriyalı futbolçumuz bunu qəbul edib qol vurdu. Fasilədə məşqçimizə dedim ki, artıq oynaya bilmirəm, mənə dedi ki, “bərəkallah, səni seçdik, indi dincəl”. İkinci hissədə oynamadım. Bir müddət sonra Kirmana süni şəkildə qar yağdırdılar. Bu da mənim havam idi. Tez bir zamanda uyğunlaşdım. Hər oyun məhsuldar ötürməm var idi. Artıq yüksək liqadan da dəvətlər alırdım. Bizim komanda I Liqada oynayırdı. Bizimlə müqayisədə çox yaxşı şəraitləri var idi. Hər oyundan sonra bizə vitaminlərlə dolu qidalarla təmin edirdilər. Bir müddət sonra stadionumuz təmirə bağlandığından ev oyunlarımızı Sərçeşmədə keçirməli olduq. Ora Kirmandan daha betər. Çox hündür yerdə idi, hətta xaricilər Aya yaxından baxmaq üçün ora gəlirdilər. Orada ümumiyyətlə hava yox idi. Bizə professor gətirdilər, məsləhət gördü ki, bura oyun günü gəlirsiniz, avtobusda əyninizi dəyişib oyuna çıxın. Çünki siz öz şəhərinizin oksigeni ilə oynayırsınız. 2 saatdan artıq qalanda öz şəhərinizin oksigeni boşalır, bunu götürürsünüz. Bu oksigenlə də oynaya bilməyəcəksiniz. Deməli, orada oyunların birində rəqibin perspektivli futbolçusunu zərərsizləşdirməyi mənə tapşırdılar. Mən bunun başına oyun açdım. Oyundan sonra məni o ki var təriflədilər. Soruşdum “siz dünya futboluna baxırsınız?” Dedilər, “elə şey olar, dünyanın 1 nömrəsidir”. Dedim “mən ona qarşı oynamışam, bu dünənki uşaq kimdir ki?” Dedilər “dahisən!” Buna qədər bizə ciddi yanaşmırdılar. Nə isə, biz bu oyunu 3:0 hesabı ilə qalib gəldik. Elə oldu ki, komandamız sonda yüksək liqaya vəsiqə qazandı. Məşqçimizə də “Saypa”dan dəvət gəldi. O da mənə dedi ki, gəl, birlikdə gedək, orada sənə 50 min dollar maaş veriləcək… Yay tətili idi, dedim dincəlib qayıdaram. Gəldim, elə oldu ki, “Xəzər Lənkəran” yarandı. İranda təklif olunan pulu özümüzkülər verirdi. Hə, onu da deyim ki, “Mis Kirman”da oynayarkən, mənə İsfahanın “Zob Ahen”indən təklif gəlmişdi. Onların da kapitanları erməni qapıçı idi. Bir gün bu erməni mənə zəng etdi ki, “gəl bura, məşqçimiz sənin oyununu görüb, 150 min dollar təklif edir. Müqavilən varsa, problem deyil, razılıq ver, icarəyə götürəcəklər, narahat olma gəl, sənə burada “day-daylıq” edəcəyəm”. Nə isə, ətrafımdakılar dedi ki, getmə, orada erməni çoxdur, sənə torba tikə də bilərlər. Getmədim. Həm də ki, qapalı ölkə idi. Televiziyanın belə 3 kanalı var idi. Adamın ürəyi partlayır, 50 dərəcə istidə çölə çıxa bilmirdin.
– “Xəzər Lənkəran”dakı çıxışınızı necə dəyərləndirərdiniz?

– Çox yaxşı. “Neftçi” ilə yanaşı ən gözəl dövrlərimi həm də Lənkəranda keçirmişəm. “Neftçi” kimi “Xəzər” azarkeşləri də mənə çox hörmət edib. Heç vaxt qınağa tuş gəlməmişəm.
– Bir müddət Türkmənistanda da oynamısınız…
– Bəli, icarə əsasında “Masallı”da oynadıqdan sonra Sumqaıytın “Gənclərbirliyi”nə, orada bir mövsüm oynadıqdan sonra Türkmənistanın “Nebitdaq” klubuna keçdim. Ora da mən “Karvan”ın oyunçusu kimi icarə əsasında keçdim. Cavanşir Şirəliyev və Şahmar Vəliyevin Türkmənistanda biznesi var idi. İnşaat sektoru idi. Əlaqələri var idi ora ilə. Nazar Bayramovu da oradan “Karvan”a gətirmişdilər.
– Ora necə idi?
– Çox isti. İçməyə su tapılmırdı. Sən demə, orada krant suyu içmək olmaz, dərhal bağırsaqlarına mikrob düşürdü. Bir dəfə içdim, əziyyətini çəkdim. Mənim ora getməyim də əziyyətlə oldu. Sənədləşmə probleminə görə bir gün hərəkətsiz gəmidə qalmışam. Ora giriş-çıxış zülmdür. Nə isə, oradan gələndən sonra I Liqa təmsilçisi “Qala”da oynadım. Maliyyə böhranına görə o da dağıldı. Orada oynayan məşqçi idim. Sonra “Bakılı”ya keçdim, oynayan məşqçi oldum. Bu müddətdə məşqçilik kateqoriyası kurslarına yazıldım. Nikolay Adams məni bəyəndi, oynamağın başını buraxıb məşqçi olmağı məsləhət gördü. Razılaşdım. Elə oldu ki, “Neftçi”də uşaq futbolundan başladım, əvəzediciyə qədər yüksəldim. Sonra pandemiya vaxtı aramızda problem yarandı.
– Nə məsələdir?
– Mənə dedilər ki, səndə “C” kateqoriyasıdır, daha yüksəyini istəyirik. Bir sözlə anladım ki, bunlar məni qırmaq istəyirlər. Axırda Ceyhun Sultanov məndən nə soruşsa yaxşıdır: “səni “Neftçi”yə Tərlan Əhmədov gətirib?” Heç dəxli var? Sənin Tərlandan problemin varsa, mənim nə günahım? Mən 7 ildir ki, uşaq futbolunda işləmişəm, hər il də çempion olmuşam. İşimdə heç bir iradları yoxdur. Məni bu adla çıxartmağın heç yeri yoxdur. Yaraşmadı! Ceyhuna dedim ki, məni Tərlana görə çıxartmısansa, sənin başın ağrıyacaq, mənim yox… Dedilər ki, sənə 2 aylıq maaşı veririk, get özünə komanda tap! Xatırlatdım ki, prezidentin qərarı var, pandemiya vaxtı heç kimi işdən çıxartmaq olmaz. Çempionat başlasa, gedib özümə iş taparam. Görürəm yox, qərar qəbul olunub. Dedim “Ceyhun, dur stuldan!” Bu elə bildi ki, mən bunu vuracağam. Durub dala çəkildi. Dedim “Ceyhun, “Neftçi”də 10 il demək olar ki, pulsuz oynamışam, hələ belə problem yaşamamışam, 7 il də bu komandanın uşaqlarını çalışdırmışam, bu komandada da 5 il kiminsə stulda oturduğunu görməmişəm. Bu kreslo daimi deyil, sən də oradan gedəcəksən. Məni Tərlanın adınla çıxartmağın doğru deyil” Dedim, çıxdım. Gedib özümə iş tapdım. “Keşlə”nin aşağı yaş qruplarından ibarət komandalarında işlədim. 3 aydan sonra onu “Neftçi”dən qovdular! Belə adamlar futbol adına ləkədir! Sultanov hara gedir, belə hərəkətləri ilə futbolçuları gözdən salır. Mən belə adamlardan qaçıram.
– “Mingəçevir”də qapıçı olan və komandadan uzaqlaşdırdığınız Toğrul Məhəmmədəliyev belə bir açıqlama vermişdi ki, “Niftəliyevin haqsızlığı çoxunu komandadan iyrəndirdi, eləcə də məni” Haqsızlıq deyəndə nəyi nəzərdə tuturdu? Ümumiyyətlə, “Mingəçevir”də nələr baş verdi?
– Bizə rəhbərlik tərəfdən deyildi ki, 300 min pula oynayırıq, vəziyyət pisdir, uşaqların sayı azaldılmalıdır. Ehtiyat oyunçular skamyasının daimi üzvləri 600-700 manat maaşa oynayır, 15-16 yaşlı uşaqları götürüb büdcəyə qənaət edilməsini təklif etdim. Bununla həm də heyəti cavanlaşdıraq. Razılaşdılar. 10 gündən sonra yenə də mənə siyahı tərtib etmək tələb etdilər. Dedim vermişəm də. Elə oldu ki, rəhbər işçilərdən biri məşqə gəlib məni oyunçularla üz-üzə qoydu. Üzünü bəzi futbolçulara tutub dedi ki, Ədahim Niftəliyev sizi görmək istəmir. Aranı qatdılar. Bu hadisədən bir müddət əvvəl mən Toğrula demişdim ki, 3-cü qapıçı kimi heç kimi istəmirlər, sənə belə yaxşılıq edim ki, oynayan məşqçi kimi komandada fəaliyyətini davam etdir. Razılaşmadı, dedim “onda bağışla, klub səni istəmir”. Bir sözlə, hər şeyi mənim üstünə atdılar. Mətbuata da ötürdülər ki, Ədahim Niftəliyev “Mingəçevir”i dağıdır. Onlara sual verən olmadı ki, Füzuli gəldi, bir nəfər də uşaq saxlamadı. Niyə bunu yazmadılar?
– Birinci Liqaya oyun alqı-satqılarının məkanı demək olar?
– Mən şəxsən gördüyümü gördüm, oradan iyrənib çıxdım. Rəhbərliyə deyirdim ki, bu oyundan şübhələnirəm, soruşurdular ki, “sübutun var” Axırda ərizə yazıb çıxdım. Sübutum da banditizmə qarşı bölmənin müdaxiləsi. Nə qədər adamı tutub apardılar. Hələ orada nə qədər də adam var. Həmin siyahı AFFA-da var, kimlərin nə işlə məşğul olduğunu bilirlər. Nə vaxt vaxtları çatacaq, onu da mən bilmirəm. İndi “Mingəçevir”i elə hala gətiriblər ki, heç onların adını çəkmək istəmirəm. Bu komandanın adı UEFA-nın “qara siyahısı”nda gedir. Utancvericidir! Fikrimcə, heç Adnan Əhmədzadənin dövründə də heç nə olmadı. Amma bu haqda Füzuli Məmmədov nəsə deyə bilər, o vaxt klubda o çalışırdı. Mən bu komandanı “ağ vərəq”də Azərbaycan Premyer Liqasında görmək istəyirəm. I Liqa “Mingəçevir”ə yaraşmır. 2016-cı ildən bu komandanın üzərindən ləkə götürülməyib. Eşitdiyimə görə, bu klub avrokuboklara getsə, “Turan Tovuz”un başına gətirilənləri onlara da yaşadacaqlar. İndidən UEFA-ya məktub yazmaq lazımdır ki, rəhbərlik dəyişdirilib, bunu nəzərə alsınlar. Amma hələ də içəridə qalanlar var.
– Bu barədə AFFA-dan kiməsə demisən?
– Yaxınlarda “Sabahın ulduzları” layihəsi çərçivəsində Bayılda baş katib Cahangir Fərəcullayevlə görüşdüm. Ona klubun problemlərindən danışdım. İndi aşağı yaş qruplarından olan komandaların çoxunda mingəçevirli uşaqlar var. Mən özüm də “Ulduz” akademiyasında seleksiyaçı kimi çalışıram. Hər yerdə mingəçevirli görürəm, istəmirəm ki, bu uşaqlar itsin. Ondan kömək istədim.
– Dövrünüzün ən yaxşı sol cinah müdafiəçilərindən biri olmusuz. Müstəqillik tarixinin ən yaxşı sol cinah müdafiəçilərinin reytinqini düzəltsəniz, özünüzü neçənci yerə qoyarsınız?
– Bizim dövrdə futbol başqa cür idi. İndi bizim çempionatda cinah müdafiəçiləri çox qabağa qaçmır. Biz oyun qururduq. Əhməd Ələsgərov mənə deyirdi ki, səni hücumda görməsəm, cərimələyəcəyəm. Deyirdim ki, axı ötürmə edən yoxdur, deyirdi ki, eybi yox, get əlini dirəyə vurub geri qayıt, görüm ki, qabaqdasan. İndiki dövrdə bir dənə “Qarabağ” cinah müdafiəçilərinə hücum qurdurur. Məsələn, “Neftçi”, “Turan Tovuz” və ya “Zirə”də bu yoxdur. Hə, “Sabah”ın da adını çəkmək olar, onlar da o qədər də bunun aludəçisi deyil. Biz o vaxt “Neftçi”də istənilən klubu gəzə-gəzə məğlub edirdik. İndi “Neftçi”nin adı var, özü yoxdur. Bu klubun veteranı kimi onlara canım yanır. Bu klub mənə çox doğmadır.
– Belə bir söhbət var ki, elektrik ustası kimi də çalışmısız…
– Yox. Sadəcə, peşə məktəbində bu ixtisası qurtarmışam. O vaxt məktəbdən çox qaldığım üçün məni peşə məktəbinə keçirdilər. Diplomum da məhz elektrik mühəndisliyidir.
– Başınız çıxır?
– Evdə təkcə elektrik yox, hətta “santexnik” işlərini də özüm görürəm, ustaya ehtiyac yoxdur.
– 50 illik yubileyiniz məqsədilə veteranlar bir yerə yığıldı və matç təşkil olundu. Hətta millət vəkili Fazil Mustafa da sizə qoşuldu. Bunu kim təşkil etdi?
– Sağ olsun “Neftçi”, məni yaddan çıxartmadı, mənə hədiyyə göndərdilər. Bu, mənim üçün nəyə desəniz dəyər. Həmin oyunun təşkilinə gəlincə, “Neftçi” veteranlarının rəhbəri Oqtay Abdullayevə təşəkkürümü bildirmək istəyirəm. Baş nazirin müavini Şahin Mustafayevlə millət vəkili Fazil Mustafa da məni unutmadı, bizə qoşuldu. Oyundan sonra kiçik süfrə açıldı.
