“Ağır oyun olacağını bilirdik. Çünki “Ağstafa Gəncləri” bu mövsüm əvvəlki illərdəkindən xeyli güclənib. Şükürlər olsun ki, qələbə qazana bildik”.
Bu sözləri “Marafon” futbol komandasının baş məşqçisi Ceyhun Cavadov İkinci Liqanın dördünü turunda “Ağstafa Gəncləri” üzərində qazanılan çətin qələbədən (2:1) sonra deyib.
Mütəxəssis qarşılaşmaya ciddi hazırlaşdıqlarını və matçın hissələri arasındakı fərqli mənzərəni şərh edib.
“Yaxşı heyət formalaşdırıblar, yaxşı baş məşqçiləri var. Biz də rəqibə ciddi hazırlaşmışdıq. Amma oyunun birinci və ikinci hissəsi tam fərqli oldu. İlk yarıda bütün istədiklərimizi meydanda həyata keçirə bildik. Ancaq fasilədən sonra sanki komandam bir qədər arxayınlaşdı. Hərəkətdən dayandıq, təzyiqi azaltdıq, həmlələr də zəiflədi. Bu da təbii ki, gedişata mənfi təsir göstərdi, oyunun gedişində çətinlik yaşadıq. Amma qələbə hesabını qoruya bildiyimizə görə məmnunam. Komandamı və azarkeşlərimizi təbrik edirəm. Yolumuza davam edəcəyik. Bu qələbəni unudub növbəti tura hazırlaşacağıq”, - deyə o fanat.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, məğlubiyyətsiz irəliləyən “Marafon” dörd turdan sonra 10 xalla ikinci pillədə qərarlaşıb. Sabirabadlılar növbəti turda “Dinamo”nun qonağı olacaqlar. Görüş 29 sentyabrda Binədə baş tutacaq.
