AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində AFFA Fitnes C kursuna start verilib.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tədbirin açılışında qurumun baş katibinin müavini Elçin Məmmədov iştirak edib. AFFA-nın Təhsil proqramının rəhbəri Aslan Kərimov iştirakçılara uğurlar arzulayıb.
Kursun məşğələlərini assosiasiyanın fitnes üzrə mütəxəssisi Turcay Əhmədov keçir. Proqram futbol klublarında, akademiyalarda və futbolun inkişafı mühitində çalışan fitnes məşqçiləri, eləcə də bu istiqamətdə inkişaf etmək istəyən şəxslər üçün nəzərdə tutulub.
AFFA Futbol Fitnesi C Sertifikat Proqramının əsas məqsədi iştirakçılara futbolçuların fiziki hazırlığı üzrə baza bilik və bacarıqları qazandırmaq, həmçinin onları UEFA Fitnes B təhsil yoluna hazırlamaqdır.
Qeyd edək ki, kurs fasilələrlə noyabrınadək davam edəcək.
