“Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının dördüncü turunda “Araz-Naxçıvan” üzərində 3:2 hesablı qələbədən danışıb.
İdman.Biz xəbər verir ki, mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında qarşılaşmanın gərgin keçdiyini bildirib.
“Futbolçularımı təbrik edirəm. Qarşımızda yaxşı müdafiə olunan və əks-hücumlara yaxşı çıxan komanda var idi. Azarkeşlərə də sona qədər dəstək olduqları üçün minnətdarlığımı bildirirəm”, – Qurbanov deyib.
Baş məşqçi iki qol buraxmalarına da münasibət bildirib:
“İki standart vəziyyətdən qol buraxdıq. Diqqətsizlik oldu. Bir oyunda iki standart vəziyyətdən qol buraxmaq bəlkə də məsuliyyətsizlikdir. Qarşıdakı oyunlarda bunu aradan qaldırmağa çalışacağıq”.
Qurbanov Mateuş Koxalskinin mümkün gedişi barədə isə danışıqların getdiyini, lakin hələ rəsmi qərar olmadığını vurğulayıb:
“Hələ ki, rəsmi bir gediş yoxdur. Danışıqlar gedirdi. Müqaviləsində bir bənd var və bu bizi hər transfer pəncərəsində danışıqlara vadar edirdi. Bu gün matçımız var idi, oyuna köklənmişdik. Oyundan sonra bu barədə maraqlanaram”.
