“Araz-Naxçıvan” futbol komandasının baş məşqçisi Zaur İsmayılov Misli Premyer Liqasının dördüncü turunda “Qarabağ”a 2:3 hesablı məğlubiyyəti şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında görüşün maraqlı və gərgin keçdiyini bildirib.
“Maraqlı və gərgin oyun izlədik. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Təəssüf ki, qolu erkən buraxdıq. Daha sonra rəqib standart vəziyyətdən ikinci topu vurdu”, - İsmayılov deyib.
Baş məşqçi komandasının mövsümdə ilk qollarını vurmasını müsbət məqam kimi dəyərləndirib:
“Bizim üçün sevindirici məqam odur ki, mövsümdə ilk qollarımızı vurduq. Biz də standart vəziyyətlərdən fərqləndik. Sona yaxın heç-heçə edə, bir xal qazana bilərdik. “Qarabağ” kimi rəqibə qarşı uşaqlar yaxşı mübarizə apardılar”.
