“Mən də elə deyirəm. Əlbəttə, bu barədə danışa bilərik”.
Bunu “Turan Tovuz”un futbolçusu Faiq Hacıyev sportify.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Mövsümün bu mərhələsində güclü və zəif komandalar böyük ölçüdə müəyyənləşib. “Turan Tovuz”un iddiası böyük olsa da, komanda bu iddiaya uyğun çıxış etmir. Bunu nə ilə əlaqələndirirsiniz?
– Bunu yalnız bir səbəblə əlaqələndirməzdim. Elə oyunlar olur ki, daha yaxşı təsir bağışlayırıq, elə matçlar da var ki, istədiyimiz təsiri bağışlaya bilmirik. Çalışırıq ki, bu qeyri-sabitliyi aradan qaldıraq və vəziyyəti yaxşılığa doğru dəyişək. Çünki belə nəticələr bizim özümüzə də ziyan vurur. Çempionatın sonuna yaxın itirilən xallar işimizi daha da çətinləşdirə bilər. İnanıram ki, oyunları təhlil edib qarşıdakı matçlarda daha yaxşı çıxış edəcəyik.
– Ötən mövsüm komandanın kapitanı idiniz, əsas heyətdə müntəzəm oynayır və milli komandaya da dəvət alırdınız. Bu mövsüm isə start heyətində daha az yer alırsınız. Bunun səbəbi nədir?
– Bu barədə mənim nə isə deməyim düzgün olmaz. Mən futbolçuyam və baş məşqçi mənə hansı tapşırığı verirsə, onu yerinə yetirirəm. Onun öz planı var və kimə şans verirsə, həmin futbolçu da oynamalıdır. Burada dayanıb özümün daha yaxşı olduğumu deyə bilmərəm. Baş məşqçinin seçdiyi start heyətə və planına razı olmalıyıq. Bizim işimiz məşq etmək və verilən tapşırıqları yerinə yetirməkdir.
– Amma futbolçu kimi baş məşqçi ilə danışıb niyə az oynadığınızı soruşmağınız da normaldır. Özünüzdə hər hansı problem görmürsünüzsə, bunu müzakirə etmək olmazmı?
– Mən də elə deyirəm. Əlbəttə, bu barədə danışa bilərik. Sadəcə, futbolçu məşqçiyə “mən mütləq oynamalıyam” deyə bilməz. Komanda ilə bağlı qərarlar baş məşqçiyə aiddir. Sabah nəticə olmayanda məsuliyyəti də ilk növbədə ondan tələb edirlər. Buna görə də onun qərarlarına müdaxilə etmək istəmirəm. Söhbət edə, niyə oynamadığımı və nəyə görə şans qazanmadığımı soruşa bilərəm. Amma son qərarı baş məşqçi verir.
– Baş məşqçi ilə bu barədə danışmısınızmı?
– Bu mövzuda konkret söhbətimiz olmayıb. Amma özümə yaxınlaşdığı, danışdığımız vaxtlar olub. Sadəcə, sırf oyun vaxtımla bağlı ətraflı müzakirəmiz olmayıb.
– Az oynamaq sizə necə təsir edir və qış fasiləsində klubunuzu dəyişmək ehtimalını nəzərdən keçirirsinizmi?
– Əlbəttə, futbolçunun çox oynamaması yaxşı hal deyil. Bu gün bəlkə də problem kimi görünməyə bilər, amma gələn il özümə komanda tapa bilməmək ehtimalı da var. Bu barədə düşünmədiyimi desəm, yalan olar. Mən də bunu fikirləşirəm. Bununla belə, hazırda “Turan Tovuz”dayamsa, məşqlərdə özümüzü göstərərək əsas heyətə düşməyə çalışıram.
– Yəni qış fasiləsində komandadan ayrılmaq barədə düşünürsünüz?
– Hazırda bunu fikirləşmək düzgün olmaz. Qış fasiləsinə qədər qarşıda oyunlarımız var. Mövsümün həmin mərhələsinə yaxınlaşanda vəziyyəti daha rahat fikirləşmək olar. İndiki məqamda isə tam olaraq, elə bir şey fikirləşmirəm.
– Söhbət icarəyə getməkdən, yoxsa birdəfəlik klub dəyişməkdən gedə bilər? Bakıda yaşayıb rayonda yerləşən komandada oynamaq da müəyyən çətinliklər yaradırmı?
– Hazırda bu barədə danışmaq düzgün olmaz, çünki qarşıda vacib oyunlarımız var.
– Kurban Berdiyev oyundan sonra mətbuat konfransına xeyli gec gəldi. Sizinlə paltardəyişmə otağında hansı söhbəti apardı?
– Düzdür, baş məşqçi iradlarını bildirdi. Necə deyərlər, isti başla dedi. Amma analiz etdikdən sonra səhvlərimizi bizə daha yaxşı çatdıracaq.
