“Sabah” klubunun müdafiəçisi Eyden Makkarti UEFA Çempionlar Liqasında tarixi nailiyyətə imza atıb.
İdman.Biz Cənubi Afrika mediasına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Dortmund “Borussiya”sına qarşı keçirdiyi oyunda fərqlənərək Çempionlar Liqasında qol vuran Cənubi Afrika doğumlu səkkizinci oyunçu kimi tarixə düşüb.
Vaxtilə “Kayzer Çifs” klubunda çıxış etmiş mərkəz müdafiəçisi Almaniya təmsilçisinə qarşı matçda Çempionlar Liqasında üçüncü dəfə meydana çıxıb. Komandasının 1:2 hesabı ilə məğlub olduğu görüşdə Makkarti “Sabah”ın heyətində ilk qolunu vurub.
Maraqlıdır ki, tarixi siyahıda Azərbaycan futbolu ilə bağlı daha bir tanış sima yer alır. Belə ki, vaxtilə “Qarabağ”da çıxış etmiş Dino Ndlovu Çempionlar Liqasının təsnifat mərhələlərində dörd qol vurub.
Siyahıya əsasən, turnirdə fərqlənmiş Cənubi Afrika doğumlu futbolçular bunlardır:
1. Benni Makkarti – 8 qol
2. Dino Ndlovu – 4 qol
3. Stiven Pienar – 2 qol
4. Kuinton Forçun – 2 qol
5. Bennet Mquni – 1 qol
6. Nasif Morris – 1 qol
7. Tulani Serero – 1 qol
8. Eyden Makkarti – 1 qol
