Misli Premyer Liqasının üçüncü turunda “Zirə” doğma meydanda “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov oyunun gərgin və taktiki mübarizə şəraitində keçdiyini bildirib.
“Olduqca maraqlı oyunun şahidi olduq. İlk dəqiqələrdən meydanda aqressiv və taktiki mübarizə gedirdi. Heç kim bir-birinə güzəşt etmək istəmirdi. Birinci hissədə oyun bərabər səviyyədə keçdi. İkinci hissədə daha sürətli oynamağa çalışdıq. Qəti şəkildə müdafiəyə çəkilmək istəmirdik. Şükürlər olsun ki, futbolçularımız tapşırıqları yerinə yetirdilər və əzmkar mübarizə apardılar. Qarşımızda çox güclü rəqib var idi. Vacib üç xal qazandıq. Bu gün futbolçularımın əzmkarlığı ilə fəxr etdim”, – deyə Sadıqov bildirib.
Baş məşqçi “Neftçi”nin çalışdırıcısı Yuri Vernidubun hakimlərin “Zirə”yə simpatiyası ilə bağlı qeyri-rəsmi fikrinə də münasibət bildirib:
“Son iki oyunda sadəcə bir hakim səhvi var idi. Biz də bunu etiraf etmişik. Yuri Verniduba böyük rəğbətim var. Sevinirəm ki, belə məşqçi Azərbaycanda işləyir. O, 5-6 aydır buradadır və illər boyu “Zirə”nin neçə dəfə hakim səhvlərindən əziyyət çəkdiyini bilmir. Ola bilər, emosional olub və yaddaşında həmin oyun qalıb. Mənim ona münasibətim dəyişməz olaraq qalır”.
Sadıqov oyunda narazı qaldığı məqamların da olduğunu vurğulayıb:
“Son ötürmələrdə və zərbələrdə daha dəqiq ola bilərdik. Bu tip rəqiblərə qarşı bir top fərqi ilə qalib gəlmək çox çətindir. Son dəqiqələrdə üzərimizdə təzyiq yaratdılar. Davit Volkovun da qaçırdığı qol epizodu var idi”.
Mütəxəssis final fitindən sonra Vernidubun onunla salamlaşmamasına da aydınlıq gətirib:
“Yaxınlaşıb sağollaşmaq istədim, amma o, birbaşa paltardəyişmə otağına getdi. Sonradan dedi ki, məyus olduğu üçün belə edib”.
Rəşad Sadıqov Junior Martinsin komandadan ayrılmasının planlaşdırılmadığını, futbolçunun yaxşı təklif aldığı üçün transferə razılıq verildiyini də qeyd edib:
“Junioru satmaq planımız yox idi. O, mənimlə uzun-uzadı danışdı və çox yaxşı təklif aldığını dedi. Rəhbərliyimiz də transferin qarşısını almaq istəmədi. Bizə həm maliyyə qazancı oldu, həm də futbolçu üçün yaxşı imkan yarandı. Hazırda iki futbolçu ilə şifahi razılıq əldə etmişik, amma imza atılmadan nəsə demək olmaz”.
