Azər Məmmədov: “Rəqibin müdafiə səviyyəsinə baxanda, necə qol vuracağımızı düşünürdüm”

30 Avqust 2026 21:58
115
Azər Məmmədov: “Rəqibin müdafiə səviyyəsinə baxanda, necə qol vuracağımızı düşünürdüm”

Misli Premyer Liqasının üçüncü turunda “Kəpəz” doğma meydanda “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Mütəxəssis yeni stadiondakı ilk oyunda qələbə qazanmalarından məmnun olduğunu bildirib:

“İlk növbədə şəhərimizə və Azərbaycanımıza bu stadionu, bu atmosferi bəxş edən hər kəsə təşəkkür edirəm. Yeni meydançamızda ilk oyunumuz idi. Çox sevincliyik. Möhtəşəm azarkeşlərimiz var idi. Çox güclü rəqibə qarşı oynayırdıq. Biz rəqibi analiz edəndə müdafiə olunma səviyyəsini görəndə düşünmüşdüm ki, bu komandaya necə qol vuraq? Lakin futbolçularım bu işin öhdəsindən gələ bildi. Çox lazımlı qələbə oldu. Bu qələbədə əziyyəti olan hər kəsə təşəkkürümü bildirmək istəyirəm”.

Azər Məmmədov Gəncə klubunda məhz yerli mütəxəssisin çalışmalı olması ilə bağlı fikirlərlə razılaşmadığını vurğulayıb:

“Mən bu fikirlə heç razı deyiləm. Fikrimcə, yanlış yanaşmadır. Azərbaycanda bu vəzifəyə hansı məşqçi layiqdirsə, o da işləməlidir. Hazırda məni layiq biliblər və mən də buradayam. Azarkeşlər daim qələbə istəyir. Biz də öz növbəmizdə onlara sevinc bəxş etmək üçün əlimizdən gələni edirik”.

İdman.Biz