“Turan Tovuz” yenə xal itirdi, azarkeşlər Berdıyevi istefaya səslədi - VİDEO

30 Avqust 2026 21:29
148
“Turan Tovuz” yenə xal itirdi, azarkeşlər Berdıyevi istefaya səslədi - VİDEO

Misli Premyer Liqasının üçüncü turunda “Turan Tovuz” futbolkomandası səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olub.

İdman.Biz xəbər verir ki, ötən tur “Şamaxı” ilə heç-heçə edən Tovuz klubu bu dəfə Gəncədə xal qazana bilməyib. Qarşılaşma zamanı və final fitindən sonra “Turan Tovuz” azarkeşləri baş məşqçi Kurban Berdıyevi istefaya səsləyiblər.

Oyundan sonra keçirilən mətbuat konfransında rusiyalı mütəxəssis komandasının çıxışını dəyərləndirib.

“Ötən oyunla müqayisədə bu matçda daha yaxşı oynadıq. Buna baxmayaraq, məğlub olduq. Rəqib bir epizod yaratdı və qol vurdu. Biz isə çoxlu epizodlar yaratdıq”, – deyə Berdıyev bildirib.

Baş məşqçi komandanın oyununda onu ən çox hücum xəttinin narahat etdiyini vurğulayıb:

“Balau və Vadjinin tam hazır olmaması bizə problemlər yaradır. Ümid edirəm ki, daha yaxşı oyun sərgiləyəcəyik”.

Azarkeşlərin istefa şüarlarının onu narahat edib-etməməsi ilə bağlı suala isə mütəxəssis qısa cavab verib:

“Məni narahat etmir”.

Matçdan sonra stadionu tərk edən Berdıyev istefa şüarları səsləndirən azarkeşlərin arasından keçsə də, buna heç bir reaksiya verməyib.

İdman.Biz