Misli Premyer Liqasının üçüncü turunda “Neftçi” səfərdə “Zirə”yə 0:1 hesabı ilə uduzub.
İdman.Biz xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Yuri Vernidub oyunu dəyərləndirib və komandasının buraxdığı səhvlərdən nəticə çıxarmalı olduğunu bildirib.
“Bu gün məğlub olduq. Ruhdan düşməməliyik. Bu oyunu təhlil edib səhvlərimizdən nəticə çıxarmalı və irəli baxmalıyıq. Hələ çempionatın əvvəlidir, hər şey qarşıdadır”, - deyə ukraynalı mütəxəssis bildirib.
Vernidub komandasının qol vəziyyətləri yaratmadığı barədə fikirlə razılaşmayıb:
“Təhlükəli epizodlarımız oldu, qapıya yaxınlaşmalar var idi, amma hücumları sonlandırmaq alınmadı. Bu dəfə epizodlarımız az idi”.
Baş məşqçi “Neftçi”nin matçın son 20 dəqiqədən çox hissəsini azlıqda keçirməsinə də diqqət çəkib:
“Nəzərə almaq lazımdır ki, 20 dəqiqədən çox bir nəfər azlıqda oynadıq. Buna baxmayaraq, dayanmadıq, hücumlarımızı davam etdirdik. Futbolçularımız sona qədər səy göstərdilər. Onların yanaşmasını bəyəndim”.
Vernidub məğlubiyyətə səbəb olan əsas məqamlardan birinin ilk hissənin sonlarında buraxılan qol olduğunu qeyd edib:
“Bir səhv etdik. O da olmamalı idi. İlk hissəyə artırılan son dəqiqədə həmin qolu buraxmasaydıq, ikinci hissə tam başqa formatda keçə bilərdi”.
Mütəxəssis “Zirə”nin ilk hissədə ciddi qol imkanları yaratmadığını da bildirib:
“Düşünürəm ki, ilk hissədə pressinqimiz yetərli olmadı. Həm “Zirə”, həm də biz daha çox uzun ötürmələrlə oynayırdıq. Bu isə nə onlara, nə də bizə üstünlük verdi. Kim oynamadı, kim niyə vurmadı, bu, öz mətbəximizdir və bunu müzakirə edəcəyik”.
Vernidub sonda komandanın indi dincəlməli, matçı təhlil etməli və qarşıdakı oyunlara hazırlaşmalı olduğunu vurğulayıb.
