Bosniya və Herseqovina mediası “Qarabağ”a transfer olunmuş futbol millisinin qapıçısı Martin Zlomisliçdən yazıb.
İdman.Biz xəbər verir ki, yerli media 2026-cı il dünya çempionatından sonra klubunu dəyişən Bosniya və Herseqovina millisinin futbolçuları sırasında Zlomisliçin də adını xüsusi qeyd edib.
Mənbənin yazdığına görə, “Riyeka”dan “Qarabağ”a keçən qapıçı Azərbaycanda daxili titullar uğrunda mübarizə aparmaqla yanaşı, avrokuboklarda çıxış etmək imkanı da əldə edəcək.
Bosniya nəşri “Qarabağ”ın son illərdə UEFA turnirlərinin daimi iştirakçılarından olduğunu və Azərbaycan futbolunda dominant mövqeyə sahib klub kimi tanındığını vurğulayıb.
Zlomisliçin transferi Bosniya və Herseqovina millisinin dünya çempionatından sonra klubunu dəyişən 11 futbolçusundan biri kimi təqdim olunub.
Qeyd edək ki, Zlomisliç “Qarabağ”a iyul ayından qoşulub və onunla 30 iyun 2029-cu ilə qədər müqavilə imzalanıb. Qapıçının transfer qiyməti 2 milyon avro (4 milyon AZN) olsa da, onun transferi “Qarabağ”a 500 min avroya (1 milyon AZN) başa gəlib.
