“Sabah”ın futbolçuları tarixi qələbədən danışdılar: “Biz heç vaxt təslim olmuruq”

26 Avqust 2026 01:26
110
“Sabah”ın futbolçuları tarixi qələbədən danışdılar: “Biz heç vaxt təslim olmuruq”

“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin Beer-Şeva “Hapoel” klubunu 5:2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Liqa mərhələsinə vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, qarşılaşmadan sonra Bakı təmsilçisinin futbolçuları Umarali Raxmonaliyev və Coy-Lens Mikels jurnalistlərə açıqlama veriblər.

Raxmonaliyev komandanın mərhələni keçəcəyinə əvvəldən inandığını bildirib:

“Əla mübarizə apardıq. İnanırdıq ki, növbəti mərhələyə vəsiqə əldə edəcəyik. Uşaqlarla fəxr edirəm”.

Azərbaycan futbolunun inkişaf etdiyini deyən özbəkistanlı futbolçu azarkeşlərə də təşəkkür edib:

“Liqa mərhələsində gələcək rəqibin bizim üçün fərqi yoxdur. Öz oyunumuza baxacağıq”.

Coy-Lens Mikels isə qarşılaşmanın çox çətin keçdiyini vurğulayıb:

“Fikrimcə, biz bu qələbəyə layiq idik. Biz heç vaxt təslim olmuruq. İkinci oyun da ‘Orhus’a qarşı keçirdiyimiz matçdakı kimi bir hiss idi. Buraxılan qoldan sonra inana bilmirdik, amma sonda göstərdik ki, biz heç vaxt təslim olmuruq”.

Hücumçu əldə olunan nəticəni xüsusi an adlandırıb:

“Çox qürurluyam. Hər şey fantastik idi, möhtəşəm idi”.

Qeyd edək ki, “Sabah” iki oyunun nəticəsinə görə Beer-Şeva “Hapoel”ini 6:4 hesabı ilə üstələyərək UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.

İdman.Biz