Azərbaycanın “Neftçi” futbol komandasının baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının ikinci turunda “Araz-Naxçıvan” üzərində 5:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis komandasının təkcə nəticəyə deyil, məzmunlu oyuna da önəm verdiyini bildirib və güclü rəqiblərə qarşı yanaşmanın fərqli olacağını vurğulayıb.
“Biz hər komandaya qarşı fərqli hazırlaşırıq. Ciddi təhlillər aparırıq. “Zirə”, “Qarabağ”, “Sabah”a qarşı oyun planlarımızı fərqli quracağıq. Biz bu komandalarla oyundan maksimum xal toplamağa çalışacağıq. Bu siyahıya “Turan Tovuz”u da əlavə etmək olar. Əlbəttə, hər məşqçi istəyir ki, rəqibin kim olmasından asılı olmayaraq dominant futbol oynasın”, - Vernidub deyib.
@idman.biz Bugün baş tutan "Neftçi" "Araz-Naxçıvan" görüşündən sonra "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub oyunla bağlı fikirlərini bölüşüb. #neftçifk #yurivernidub #azərbaycanfutbolu #keşfet ♬ orijinal ses - Idman və Biz
Baş məşqçi transfer siyasətinə də toxunub:
“Məhz bu səbəbdən transfer siyasətimizi çox ehtiyatla qururuq. Üç keyfiyyətsiz oyunçudansa, bir güclü transfer həyata keçirmək daha doğrudur. Hər bir oyunçu əzmlə məşq etməli və əsas heyətə can atmalıdır. Digərlərinin “Neftçi”də yeri yoxdur”.
Vernidub komandanın mövsümə daha tez hazırlığa başlamasının üstünlük yaradıb-yaratmaması ilə bağlı suala isə belə cavab verib:
“Bəli, təlim-məşq toplanışına daha tez başlamışdıq. Bundan əvvəl “Sumqayıt”la matçda da yaxşı oyun sərgiləmişdik. Bu gün “Araz-Naxçıvan”ın yox, “Neftçi”nin günü idi. Rəqib pis komanda deyil, yaxşı da oynayırdı. Sadəcə, belə alındı. İlk hissədə yaxşı pressinq edə bildik”.
“Neftçi”nin çalışdırıcısı ikinci hissədə qol imkanlarının boşa verilməsinə də münasibət bildirib:
“Birinci hissədə 4:0-dan sonra ikinci hissədə bunu davam etdirmək çətin olur. Çoxlu epizodlarımız oldu, lakin dəyərləndirə bilmədik. Emil Balayev üç real qoldan bizi xilas etdi. Onu da təbrik etmək istəyirəm”.
Vernidub ilk iki qələbədən sonra arxayınlaşmağın düzgün olmadığını bildirib:
“Hər bir futbolçuya təşəkkür etmək istəyirəm. “Dinamo” ilə matçdan sonra narahat idim. Lakin futbolçular öz üzərlərində çox işlədiklərini sübut etdilər. Bizi qarşıda çətin “Zirə” matçı gözləyir. İlk iki qələbədən sonra göylərdə uçmaq lazım deyil. Növbəti matçlara hazırlaşmaq lazımdır. Çempionat çətindir və kifayət qədər bərabər səviyyəli komandalardan ibarətdir”.
Baş məşqçi “Qarabağ” və “Sabah”ın avrokuboklardakı çıxışlarına da dəstək verəcəyini qeyd edib:
“Bəli, onlara dəstək olacağam. Azərbaycan klubları olaraq onları dəstəkləmək lazımdır. Qazanılan hər bir xal Azərbaycan futbolu adına uğurdur”.
Vernidub standart vəziyyətlərdən vurulan qollara xüsusi hazırlaşdıqlarını da deyib:
“Çempionata baxsaq, çox qol standart vəziyyətlərdən vurulur. Biz də hər matçdan əvvəl buna xüsusi çalışırıq. Rəqib komandanı analiz edərkən bütün epizodları nəzərə alırıq”.
Mütəxəssis “Dinamo” (Minsk) ilə oyundakı məğlubiyyətin hələ də yadından çıxmadığını etiraf edib:
“Bu məğlubiyyət mövsümün sonuna kimi yadımdan çıxmayacaq. Bütün məsuliyyət mənimdir. Məhz ona görə yenə sizdən üzr istəyirəm. Çalışacağam ki, bir daha sizi məyus etməyim”.
