UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"ın Beer-Şeva "Hapoel"inə qarşı keçirəcəyi cavab oyununun hakim təyinatları açıqlanıb.
İdman.Biz xəbər verir ki, qarşılaşmanı məşhur referi İştvan Kovaçın rəhbərlik etdiyi rumıniyalı hakimlər briqadası idarə edəcək.
Baş hakimin köməkçiləri Mixay Marika və Ferents Tunyodi olacaqlar. Dördüncü hakim funksiyasını Sabolç Kovaç yerinə yetirəcək. VAR hakimi almaniyalı Bastian Dankert, onun assistenti isə rumıniyalı Katalin Popa olacaq.
Kovaçın təyinatını maraqlı edən məqamlardan biri ötən mövsüm UEFA tərəfindən cəzalandırılmasıdır. Rumıniyalı referi Çempionlar Liqasının 1/4 final mərhələsində keçirilən "Barselona" - "Atletiko" (0:2) matçından sonra mövsümün sonuna qədər oyunlardan kənarlaşdırılmışdı. Sport.es-in məlumatına görə, UEFA həmin görüşdə Kovaçın bir neçə səhvə yol verdiyini müəyyənləşdirmişdi.
"Barselona" matçdan sonra hakimlik və VAR-ın işi ilə bağlı UEFA-ya rəsmi şikayət etmişdi. Kataloniya klubu xüsusilə 54-cü dəqiqədə "Atletiko" futbolçusunun öz cərimə meydançasında topa əllə toxunduğu, lakin penalti təyin edilmədiyi epizodu vurğulamışdı.
Buna baxmayaraq, Kovaç yüksək beynəlxalq statusunu qoruyub və 2026-cı il dünya çempionatı üçün FİFA-nın hakimlər siyahısına daxil edilib.
Rumıniyalı son illərin ən tanınmış avropalı hakimlərindən biri hesab olunur. O, 2025-ci ildə PSJ - "İnter" Çempionlar Liqasının finalını, 2023-cü ildə "Atalanta" - "Bayer" Avropa Liqasının finalını, həmçinin 2022-ci ildə "Roma" - "Feyenoord" Konfrans Liqasının həlledici görüşünü idarə edib.
"Sabah" - "Hapoel" cavab qarşılaşması avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq.
İlk görüşdə İsrail təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
