Kaxaber Tsxadadze: “Keyfiyyəti artırmalıyıq”

22 Avqust 2026 22:15
59
Kaxaber Tsxadadze: “Keyfiyyəti artırmalıyıq”

Misli Premyer Liqasının ikinci turunda "Şəfa" ilə görüşündən (0:1) sonra keçirilmiş mətbuat konfransında “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze jurnalistlərin suallarını cavablandırıb.

İdman.Biz xəbər verir ki, gürcüstanlı mütəxəssis komandasının yaratdığı qol imkanlarından istifadə edə bilmədiyini və oyunun keyfiyyətindən narazı qaldığını bildirib.

Tsxadadze futbolçuların ötürmələrdə ləng davrandığını və çoxlu top itkilərinə yol verdiyini deyib:

“Çox pis nəticədir. Doğma azarkeşlər qarşısında uduzduq və buna görə hamımız məsuliyyət daşıyırıq. Rəqib yaratdığı azsaylı imkanlardan istifadə etdi, biz isə qol epizodlarımızı dəyərləndirə bilmədik. Xüsusilə meydanın mərkəzində çox top itirirdik və ötürmələrdə ləng oynayırdıq. Bu da rəqibə əks-hücum imkanları yaradırdı”.

Baş məşqçi bəzi futbolçuların hələ komandaya tam uyğunlaşmadığını vurğulayıb:

“Bir sıra oyunçular onlardan nə tələb etdiyimizi tam başa düşmürlər. Azərbaycan Premyer Liqasının səviyyəsi yüksəlib və buna uyğun oynamaq lazımdır. Qələbə üçün kifayət qədər qol vəziyyəti yaratdıq, amma istifadə edə bilmədik. Ötən mövsümdəki kombinasiyalı oyunumuz hazırda yoxdur”.

Tsxadadze iki mərkəz hücumçusu ilə oynamaq variantının da hələ gözlənilən effekti vermədiyini etiraf edib:

“İki hücumçu rəqib müdafiəsi üçün müəyyən gərginlik yaradır. Onların bir neçə qol imkanı oldu, amma bundan yararlana bilmədilər. Cinahlardan verilən ötürmələri qola çevirməli idik”.

İdman.Biz