“İmişli”nin baş məşqçisi Fərid Namazov Misli Premyer Liqasının ikinci turunda “Zirə”yə 3:1 hesablı məğlubiyyəti şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının rəqibin üstün oyununa mane olmağa çalışdığını, lakin fərdi səhvlərin nəticəyə təsir etdiyini bildirib.
Namazov oyundan sonra keçirilən mətbuat konfransında “Zirə”ni əvvəlcədən analiz etdiklərini deyib:
“Bilirdik ki, “Zirə” dominant oynamağa çalışacaq. Bunun qarşısını almaq və topu mümkün qədər özümüzdə saxlamaq istəyirdik. Amma bunu nə dərəcədə bacardıq, demək çətindir. Təəssüf ki, rəqibi analiz etdiyimiz epizodlardan qollar buraxdıq. Fərdi səhvlərimiz oldu”.
Baş məşqçi ehtiyat heyətlə bağlı problemlərinin olduğunu da qeyd edib:
“Gənc futbolçulara şans vermək klubun strategiyasıdır. Amma hesabda geri olduğumuz vaxt onları meydana buraxmaq müəyyən risk yaradır. Düşünürəm ki, zamanla bu problemin də öhdəsindən gələcəyik”.
