“Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının 13-cü turunda “Sabah”a 0:2 hesabı ilə məğlub olduqları qarşılaşmanı şərh edib.
İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis oyunsonrası mətbuat konfransında komandasının heyətlə bağlı problemlərindən danışıb:
“Çempionlar Liqasında çıxış edən komandaya qarşı oynamaq xoşdur. Bizi çətin matçın gözlədiyini bilirdik. Komandamızın heyəti tam formalaşmayıb, bəzi futbolçularımız çatışmır. Buna baxmayaraq, oyunçularımız əllərindən gələni etdilər”.
Naxçıvan təmsilçisinin nə vaxt qələbə qazanacağı ilə bağlı suala Maksimov “Biz də bunun baş verməsini istəyirik” cavabını verib.
Baş məşqçi qış fasiləsində heyəti gücləndirmək üçün əllərindən gələni edəcəklərini də vurğulayıb.
Maksimov qarşıdakı iki turda çempionluq uğrunda mübarizə aparan komandalarla görüşlərdən gözləntilərini də bölüşüb:
“Meydana çıxıb öz oyunumuzu oynayacağıq. Futbolda hər şey mümkündür. Bəzən istədiyin alınır, bəzən isə yox”.
Qeyd edək ki, cari mövsümdə hələ qələbə qazanmayan “Araz-Naxçıvan” dörd xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
