“Yeni mövsüm üçün məşqlərimizi planlı şəkildə davam etdiririk. Hazırda əsas diqqətimiz komandanın fiziki və taktiki hazırlığının artırılması, eyni zamanda heyətin komplektləşdirilməsidir”.
Bu sözləri Birinci Liqa təmsilçisi “Şimal”ın məşqçisi Tural Cəlilov deyib.
Xaçmaz təmsilçisinin məşqçisi komandasının yeni mövsümə hazırlıq prosesi, heyətin komplektləşdirilməsi və qarşıya qoyulan hədəflərdən danışıb.
“Düşünürəm ki, bu mərhələdə təxminən 50-60 faiz hazır vəziyyətdəyik. Qarşıda hələ iki həftə vaxtımız var və bu vaxtdan maksimum səmərəli istifadə etməyə çalışacağıq. Heyətə bir neçə futbolçunun da qoşulmasını gözləyirik. Həmin oyunçuların komandaya cəlb olunması ilə heyətin daha da güclənəcəyinə və rəqabətin artacağına inanırıq. Yeni futbolçuların komandaya uyğunlaşması da vacib məsələlərdən biridir. Bunun üçün məşqlərlə yanaşı, yoldaşlıq görüşlərinə də xüsusi önəm veririk. Artıq bir neçə yoldaşlıq oyunu keçirmişik. Bu görüşlər bizə həm futbolçuların fiziki durumunu, həm də taktiki baxımdan hansı səviyyədə olduğumuzu qiymətləndirmək imkanı verir. Eyni zamanda çatışmazlıqlarımızı görür və üzərində işləməli olduğumuz məqamları müəyyənləşdiririk. Qarşıdakı günlərdə də bu istiqamətdə çalışmalarımızı davam etdirəcəyik. Növbəti mövsüm üçün əsas hədəfimiz Birinci Liqada mövqeyimizi qorumaq, liqadan düşməməkdir. Bunun asan olmayacağını bilirik və bizi kifayət qədər çətin mövsüm gözləyir. Ancaq düzgün hazırlıq keçərək, bütün oyunlarda maksimum mübarizə apararaq məqsədimizə çatmağa çalışacağıq”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.
