“Zirə”nin braziliyalı futbolçusu Ruan Renato “Neftçi”nin sabiq yarımmüdafiəçisi Flavinyonun rekordunu yeniləməyin onun üçün böyük sevinc olacağını bildirib.
O, Misli Premyer Liqasında 100-cü matçına çıxmasına münasibət bildirib.
“Bu göstəriciyə çatdığıma görə çox şadam. Azərbaycan hörmət etməyi və sevməyi öyrəndiyim bir ölkədir. Buranı ikinci vətənim hesab edirəm. Bura gəldiyim gündən hər zaman çox yaxşı qarşılanmışam. Belə uğurlara çatmaq məni çox xoşbəxt edir və işimi yaxşı görməyə, mənə göstərilən diqqətin əvəzini verməyə həvəsləndirir”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.
Braziliyalı müdafiəçi “Neftçi”nin sabiq oyunçusu Flavinyonun göstəricisinə yaxınlaşması barədə də fikirlərini bölüşüb:
“Diqqətim heç vaxt buna yönəlməyib. Əsas məqsədim meydanda olduğum hər an “Zirə” üçün əlimdən gələnin ən yaxşısını etməkdir. Hər kəsin tarixinə böyük hörmətlə yanaşıram. Flavinyonun Azərbaycan futbolunda böyük tarix yazdığını bilirəm. Onun göstəricisinə yaxınlaşmaq və bəlkə də bir gün bu rekordu yeniləmək mənim üçün böyük sevinc olar. Lakin bu, Flavinyonun və digər əcnəbi futbolçuların buradakı əhəmiyyətini azaltmır. Mənim üçün əsas məsələ davam etmək və Azərbaycan futbolunun inkişafına töhfə verməkdir”.
Qeyd edək ki, Misli Premyer Liqasının 2026/2027 mövsümünün ilk turunda “Şəfa” ilə üz-üzə gələn “Zirə”nin braziliyalı müdafiəçisi R.Renato 100-cü çempionat matçına çıxıb. O, Azərbaycan çempionatları tarixinə eyni klubun heyətində yüksək dəstədə 100 və daha çox matç keçirən 4-cü braziliyalı kimi düşüb. Bu göstəricidə rekord “Neftçi”də 133 oyun keçirən Flavinyoya məxsusdur.
