“Prinsipcə, hər şey plan üzrə gedib. Sadəcə, hava şəraiti üzündən ikinci yoxlama oyununu keçirə bilmədik”.
İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in müdafiəçisi Yeqor Xvalko deyib.
Belaruslu futbolçu komandanın qış hazırlığından danışıb. Xvalko qarşıda duran əsas vəzifənin Premyer Liqada qalmaq olduğunu bildirib: “Gündə iki dəfə olmaqla məşqlər keçdik. Düşünürəm ki, nəzərdə tutulan proqramı yerinə yetirdik. Bu mövsüm çempionatda rəqabət daha yüksəkdir. Ötən mövsümdə aşağı yerlərdə sıxlıq çox idi. Eyni səviyyəli komandalar bir-biri ilə mübarizə aparırdılar. İndi vəziyyət fərqlidir. “Qəbələ” ilə son pillələrdə yer alımışıq. Bir neçə xal ala bilsək, yuxarıdakılara çata bilərik. Çempionatın startında bir nömrəli tapşırıq Premyer Liqada qalmaq idi. Vəzifəni yerinə yetirmək üçün çalışacağıq”.
27 yaşlı müdafiəçi öz oyunu barədə danışmaq istəməyib. “Kəpəz”in kapitanı rəqiblərə yaxşı bələd olduğunu və onlara qarşı çətinlik çəkmədiyini qeyd edib: Azərbaycanda ikinci mövsümdür çıxış edirəm, Qoy, baş məşqçi mənim oyunumu qiymətləndirsin. Artıq burada oynamağa alışmışam. Bir çox futbolçuları tanıyıram, onlara qarşı necə çıxış etməli olduğumu bilirəm. Azarkeşlər daima bizi dəstəkləyirlər. Onlar bizi səfər oyunlarında da tək qoymurlar. Stadionumuz təmirə bağlandığı üçün ev oyunları fərqli məkanda keçiririk. Azarkeşlər bizi orada da tək qoymurlar. Onlara təşəkkür edirəm”.
Qeyd edək ki, Xvalko 2022-ci ildən “Kəpəz”də çıxış edir.
İdman.biz
