“Xankəndi” futbol klubunda Müşahidə Şurası yaradılıb.
İdman.Biz xəbər verir ki, bu barədə qərar klubun Ümumi Yığıncağında qəbul olunub.
Müşahidə Şurasının yaradılmasında əsas məqsəd klubun idarəetmə strukturunun təkmilləşdirilməsi və qarşıdakı inkişaf hədəflərinin daha səmərəli həyata keçirilməsidir.
Yeni qurum “Xankəndi”nin strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, idarəetmə proseslərinin təkmilləşdirilməsi, maliyyə və təşkilati fəaliyyətə nəzarət, uzunmüddətli inkişaf planlarının hazırlanması və əsas qərarların qiymətləndirilməsi ilə məşğul olacaq.
Müşahidə Şurasının eyni zamanda klubun idman siyasəti, infrastruktur layihələri, akademiyanın inkişafı, sponsorluq və tərəfdaşlıq əlaqələrinin daha sistemli şəkildə qurulmasına töhfə verəcəyi bildirilib.
“Xankəndi” peşəkar idarəetmə modelinin formalaşdırılması, dayanıqlı inkişafın təmin edilməsi və Azərbaycan futbolunda özünəməxsus yer tutan klub quruculuğunu əsas hədəflərindən biri kimi müəyyənləşdirib.
Klub Müşahidə Şurasının yaradılmasını bu istiqamətdə atılan mühüm addımlardan biri kimi qiymətləndirib.
