Arif Əsədov: “Yeni gələnlər Qurban Qurbanovun futbol fəlsəfəsinə tam uyğunlaşmayıblar”

7 Avqust 2026 21:51
113
Arif Əsədov: “Yeni gələnlər Qurban Qurbanovun futbol fəlsəfəsinə tam uyğunlaşmayıblar”

“Qarabağ”ın UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda “Dinamo Kiyev” klubuna səfərdə məğlub olmasının (0:1) səbəbi rəqiblə bağlıdır.

İdman.Biz xəbər verir ki, Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Arif Əsədov bu fikirdədir.

Mütəxəssis futbolpress.az-a açıqlamasında “Dinamo”nun “Qarabağ”dan çəkindiyini bildirib.

“İlk növbədə, həmlələrimizin qarşısını almağa çalışdılar, müdafiədə çox diqqətli və qapalı oynadılar. Təmsilçimizdə isə hazırda hücum xəttində müəyyən problemlər var. Bəzi futbolçular komandanı tərk edib, yeni gələnlər də hələ Qurban Qurbanovun futbol fəlsəfəsinə tam uyğunlaşmayıblar. Bu səbəbdən ön xətdə istənilən keyfiyyəti almaq mümkün olmadı. Kiyev klubu məhz istədiyini əldə edərək əks-hücumlarda təhlükəli epizodlar yarada bildi.
Qol epizodlarının nəticəsiz qalması birinci məsələnin davamıdır. Bu gün “Qarabağ”ın heyətində nominal “9 nömrə” yox idi. Vinger kimi tanıdığımız Aleksandr Kaşuk məcburiyyətdən hücumun mərkəzində oynadı. Savonun zədələnməsi, Musa Qurbanlının isə hələ lazımi performansda olmaması Kaşşukun bu mövqeyə keçməsinə gətirib çıxardı, lakin bu həmlə gözlənilən effekti vermədi”, - o qeyd edib.

Əsədov “Qarabağ”da seleksiyada səhv olduğunu düşünmür: “Qarabağ” bu sahədə kifayət qədər təcrübəlidir. Mütəmadi olaraq ucuz qiymətə gətirilib, sonradan kluba xeyir verən futbolçular görmüşük. Ona görə də yeni gələnlərin keyfiyyətsiz olduğunu demək olmaz. Sadəcə, “Qarabağ”ın oyun sisteminə və taktikasına tez bir zamanda uyğunlaşmaq asan deyil. Kadi Borges, Abdullah Zubir kimi oyunçular da dərhal yox, müəyyən mərhələdən sonra öz oyunlarını tapmışdılar. Bu futbolçulara da yalnız vaxt lazımdır.

Mütəxəssis Bakıda keçiriləcək cavab görüşü barədə də fikirlərini bölüşüb.

“Düşünürəm ki, “Qarabağ”ın rəqibi üstələyərək növbəti mərhələyə yüksəlmək üçün böyük potensialı var. Evdə, öz azarkeşlərimizin dəstəyi ilə oynayacağıq. “Dinamo”nun heyətində görüşün taleyini təkbaşına həll edə biləcək parlaq liderlər yoxdur, daha çox komanda oyununa üstünlük verirlər. “Qarabağ” artıq rəqibi meydanda tanıdı və analizi daha dəqiq aparacaq”, - Əsədov bildirib.

Komandalar arasında cavab görüşü avqustun 13-də olacaq.

İdman.Biz