“Şəfa” hazırlıq prosesini məğlubiyyətsiz başa vurub

7 Avqust 2026 15:34
68
“Şəfa” hazırlıq prosesini məğlubiyyətsiz başa vurub

“Şəfa” yay təlim-məşq toplanışı çərçivəsində son yoxlama matçlarını keçirib.

İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi bir gün ərzində iki sınaq qarşılaşmasında qüvvəsini yoxlayıb.

Komanda ilk görüşdə “Neftçi-2” ilə üz-üzə gəlib. “Neftçi” Futbol Mərkəzində təşkil olunan qarşılaşmada “Şəfa” rəqibini 2:1 hesabı ilə məğlub edib. Bakı klubunun qollarını Elmir Tağıyev və Elnur Cəfərov vurublar.

“Şəfa”nın gün ərzində keçirdiyi digər yoxlama matçında rəqib “Qarabağ-2” olub. “Bank Respublika Arena”nın ehtiyat meydançasında keçirilən görüşdə Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv 3:0 hesablı qələbə qazanıb. Bu qarşılaşmada Nahid Əliyev, Mussa Qael və Nihad Quliyev fərqləniblər.

Qeyd edək ki, məşqçilər heyəti hər iki oyunda iki fərqli heyəti sınaqdan keçirib.

Bununla da “Şəfa” yay təlim-məşq toplanışı çərçivəsində keçirdiyi yoxlama oyunlarını məğlubiyyətsiz tamamlayıb.

Bakı təmsilçisi daha əvvəl “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə məğlub edib, “İmişli” (2:2) və “Qəbələ” (1:1) ilə heç-heçə edib. Beləliklə, “Şəfa” hazırlıq mərhələsində keçirdiyi 5 yoxlama oyununda 3 qələbə və 2 heç-heçə əldə edib.

İdman.Biz