Rəşad Sadıqov: “Qol vəziyyətlərindən istifadə edə bilmədik”

23 İyul 2026 22:30
95
Rəşad Sadıqov: “Qol vəziyyətlərindən istifadə edə bilmədik”

“Zirə” UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin “Payde”yə (Estoniya) qarşı ilk görüşündə qol vəziyyətlərindən istifadə edə bilməyib.

İdman.Biz-in məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis cavab qarşılşamasında mərhələni keçməyə çalışacaqlarını bildirib.

“İlk hissədə təzyiq etməklə rəqib üzərində üstünlük yaratdıq. Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik. İkinci hissəyə fəal başladıq. Son 15-20 dəqiqə ərzində oyun bərabərləşdi. Bəzi məqamlarda artıq rəqib də təhlükəli olmağa başladı. Oyundan əvvəl də vurğulamışdım ki, rəqibin avrokubok təcrübəsi var. Bunu matçın sonunda hiss etdik. Evdəki oyunda rəqib üzərində qələbə qazanaraq mərhələni keçmək istəyirik”, - Sadıqov qeyd edib.

Komandaların cavab qarşılaşması iyulun 30-da baş tutacaq.

İdman.Biz