“Əminik, bəzi futbolçularımız Avropada oynayacaqlar” - “Ulduz” akademiyasının direktorunun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ - FOTO/VİDEO

23 İyul 2026 17:19
108
“Əminik, bəzi futbolçularımız Avropada oynayacaqlar” - “Ulduz” akademiyasının direktorunun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ - FOTO/VİDEO

Qısa müddət ərzində “Ulduz” futbol akademiyası perspektivli layihədən ölkənin ən böyük uşaq-gənclər futbol akademiyalarından birinə çevrilib.

“Ulduz” 2023-cü ildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər İdman Məktəbinin bazasında yaradılıb. Fəaliyyətə dörd komanda ilə başlayan akademiyanın strukturunda bu gün artıq 11 kollektiv fəaliyyət göstərir. Onun əsas prioritet istiqamətlərindən biri Azərbaycanın regionlarından istedadlı futbolçuların aşkar olunması və inkişaf etdirilməsidir.

Akademiyanın inkişafı, regionlarla iş və gələcək planlar barədə İdman.Biz-in “Ulduz”un direktoru Mehman Alimov həmsöhbət olub.

- Üç il ərzində akademiya necə dəyişib və indiyədək hansı nəticələri əldə etmisiniz?

- Hazırda akademiyada ümumilikdə 311 lisenziyalı yetirmə var ki, onlardan 34-ü qız futbolçudur. Hazırda transfer pəncərəsi açıq olduğundan akademiyaya yeni futbolçuların qoşulacağı gözlənilir.

“Ulduz”un yarandığı gündən keçən bütün mövsümləri uğurlu hesab etmək olar. Komandalarımız Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkil etdiyi Bakı zonası liqalarında çıxış edir. Bununla yanaşı, onlar AFFA-nın himayəsi altında keçirilən digər yarışlarda da iştirak edirlər.

2023/2024 mövsümündə U13 komandamız Azərbaycan çempionatının bürünc medallarını qazanıb, həmçinin “Ulduz Cup” beynəlxalq turnirinin gümüş mükafatçısı olub. 2024/2025 mövsümündə U14 komandası gümüş, U13 komandası bürünc medal əldə edib, qızlardan ibarət U15 komandası isə ölkə çempionatının gümüş mükafatçısı olub. Bundan başqa, 2014-cü il təvəllüdlü futbolçulardan ibarət komandamız “Golden Sands” beynəlxalq turnirinin qalibi adını qazanıb. Ötən mövsüm U14 və U15 komandalarımız bürünc medal əldə edib, qızlardan ibarət U14 və U16 komandaları isə ölkə çempionu olublar.

Bundan əlavə, Gənclər və İdman Nazirliyinin təşkil etdiyi ilin idman yekunlarına həsr olunmuş mükafatlandırma mərasimində akademiyamız öz kateqoriyası üzrə 2023-cü ildə ikinci, 2024 və 2025-ci illərdə isə birinci yerə layiq görülüb.

Onu da qeyd edim ki, UEFA-nın “Grassroots Self-Evaluation Light” proqramı çərçivəsində Azərbaycana səfər edən UEFA mentoru Helen Kroft akademiyamıza baş çəkib. Ona akademiyanın fəaliyyəti barədə ətraflı məlumat verilib. O, yetirmələrimizin yaşayış şəraiti ilə şəxsən tanış olub, həmçinin məşq prosesinin və tədrisin təşkili ilə maraqlanıb. Helen Kroft akademiyamızda görülən işləri yüksək qiymətləndirib.

- Akademiyanın regionlarda seleksiya işi necə qurulub?

- Fəaliyyətimizin əsas istiqamətlərindən biri Azərbaycanın regionlarında istedadlı futbolçuların aşkar olunması, onların inkişaf etdirilməsi və gələcəkdə ölkə futboluna inteqrasiyasının təmin edilməsidir. Bu məqsədlə akademiya mütəmadi olaraq həm paytaxtda, həm də ölkənin müxtəlif bölgələrində seleksiya baxışları keçirir. Bu il nümayəndələrimiz Naftalan, Gəncə, Şəmkir, Ağdaş, Mingəçevir, Yevlax və digər şəhərlərdə olublar, perspektivli futbolçuları seçərək akademiyaya dəvət ediblər.

Regionlardan gələn futbolçular üçün Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bütün zəruri şərait yaradılıb. Onlar Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzi “Cırtdan”da yaşayır və qidalanırlar. Təhsillərini davam etdirmələri üçün isə İlqar Muradov adına 237 nömrəli tam orta məktəbdə bütün imkanlar təmin olunub. Fürsətdən istifadə edərək məktəbin direktoruna və pedaqoji kollektivinə idmançılarımıza göstərdikləri hərtərəfli dəstəyə görə təşəkkürümü bildirirəm. Hazırda 27 yetirməmiz burada yaşayır və təhsil alır.

- Akademiyanın yetirmələrinə yerli və ya xarici klublardan maraq varmı? Futbolçularınızdan neçəsi milliyə dəvət alıb?

- Akademiyanın əsas məqsədi Azərbaycanın müxtəlif bölgələrindən istedadlı futbolçuları aşkar etmək, yetişdirmək və onları milli komandalara hazırlamaqla ölkə futbolunun inkişafına töhfə verməkdir. Bu istiqamətdə artıq nəticələr əldə olunur. Son vaxtlar akademiyamızın dörd oğlan futbolçusu və qız komandalarımızın yeddi üzvü Azərbaycan yığmalarına dəvət alıb.

Hazırda futbolçularımız daha çox Azərbaycan klublarının diqqət mərkəzindədir. Əminik ki, lazımi yaş həddinə çatdıqdan sonra onların bir qismi karyeralarını Avropa klublarında davam etdirə biləcək.

- Akademiya komandaları üçün beynəlxalq proqram necə qurulur?

- Demək olar ki, akademiyanın bütün komandaları mövsüm ərzində ən azı bir dəfə beynəlxalq turnirdə və ya xaricdə keçirilən yoldaşlıq oyunlarında iştirak etmək imkanı əldə edir. Bu il U15 komandamız Tbilisidə, U12 komandamız isə Varna (Bolqarıstan) və Trabzonda (Türkiyə) çıxış edib. Avqust ayında U16 qız komandamız Qırğızıstanın İssık-Kul vilayətinə yollanacaq və orada beynəlxalq turnirdə iştirak edəcək.

- Gələcəkdə akademiyaya xarici mütəxəssislərin cəlb edilməsi planlaşdırılırmı?

- Hələlik akademiyaya xarici mütəxəssislər cəlb edilməyib. Biz perspektivli yerli məşqçilərə üstünlük vermişik. Akademiyada çalışan bütün mütəxəssislər UEFA-nın A, B və C kateqoriyalı məşqçi lisenziyalarına malikdirlər. Baş məşqçilərimizin əksəriyyəti isə UEFA-nın A kateqoriyalı lisenziyasına sahibdir.

Ümumilikdə strukturumuza idman direktoru, koordinator, qapıçılar üzrə koordinator, baş məşqçilər və onların köməkçiləri, qapıçı məşqçiləri, administrator və həkim daxildir.

- İlin ikinci yarısı üçün akademiyanın qarşısında hansı məqsədlər dayanır?

- Hazırda əsas diqqətimizi yeni mövsümə hazırlığa yönəltmişik. Seleksiya işləri davam edir. İyulun sonunda Bakıda genişmiqyaslı seleksiya baxışı keçiriləcək.

Komandalar üçün ilk turnir “Sabahın Ulduzları” olacaq və onlar artıq bu yarışa tam hazırdırlar. U12 komandamız isə avqustun sonunda Qubada keçiriləcək “Ulduz Cup” beynəlxalq turnirinə hazırlaşır. Bu, 2015-ci il təvəllüdlü futbolçular arasında keçirilən belə formatlı artıq üçüncü turnir olacaq. Yarış Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq. Gürcüstan, Polşa, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Küveytdən komandalar artıq iştiraklarını təsdiqləyiblər.

Uzunmüddətli perspektivdə akademiya inkişafını davam etdirməyi və strukturunu genişləndirməyi planlaşdırır. Məqsədlərimiz yeni mövsümü uğurla keçirmək, U17, daha sonra isə U19 komandalarını yaratmaq və yaş qruplarının sayını artırmaqdır. Əsas hədəfimiz isə Azərbaycan futbolunu gücləndirəcək istedadlı futbolçular yetişdirməkdir.

İdman.Biz