“Kamran 5-6 yaşından futbolla məşğuldur. O, daha çox “Sabah” klubunun akademiyasında inkişaf edib və 2021/2022-ci illər mövsümündə U-10 liqasının çempionu olub. 9 yaşından mütəmadi olaraq uşaq liqalarında çıxış edir, sonuncu klubu isə “Şəfa”dır”.
Bu sözləri Xorvatiyanın “Dinamo Zaqreb” klubundan təklif alan azərbaycanlı futbolçu Kamran Babazadənin atası Rəşad Babayev deyib.
O bildirib ki, “Dinamo Zaqreb”lə bağlı məsələ Bakıda keçirilən iki günlük tədbirdə FIFA lisenziyalı futbol agenti Katarina Kosiçlə tanışlıqdan sonra baş tutub.

“Kamranın videolarını izlədikdən sonra agent onları “Dinamo Zaqreb”in idman direktoru Qoran Vuçeviçə təqdim etdi. Klubun skaut menecerləri və məşqçiləri təxminən 15 gün ərzində videoları təhlil edərək müsbət rəy bildirdilər və Kamranı rəsmi olaraq Zaqrebə dəvət etmək qərarına gəldilər. “Şəfa” futbol klubunun icazə məktubunu göndərdikdən az sonra rəsmi dəvət məktubu gəldi. Katarina Kosiç artıq Xorvatiyanın Azərbaycandakı konsulluğuna müraciət edərək Kamranın bütün təminatını üzərinə götürəcəyinə zəmanət verib. Sənədləşmə və viza prosedurları tamamlandıqdan sonra Kamran Zaqrebə yola düşəcək. Səfər çərçivəsində onun 7-10 gün ərzində “Dinamo Zaqreb”in U-15 kollektivi ilə birgə məşqlərə qatılması və sınaq-baxış mərhələsindən keçməsi nəzərdə tutulub. Sentyabrda 14 yaşı tamam olacaq Kamran artıq yerli çempionatda da U-15 liqasında çıxış edəcəyindən Xorvatiyada da eyni yaş qrupunun heyətində özünü sınayacaq”, - deyə Rəşad Babayev AZƏRTAC-a açıqlamasında söyləyib.
R.Babayevin sözlərinə görə, bu dəvət təkcə Kamranın şəxsi uğuru deyil, həm də Azərbaycanın digər istedadlı uşaq və gənclərinə Avropa futbolunun diqqətini cəlb etmək baxımından vacib addımdır:
“Avroklubların diqqət mərkəzində olmaq üçün gənc futbolçular doğru təqdim edilməli, bu prosesdə təkcə valideynlər deyil, futbol klubları və federasiya da dəstək göstərməlidir”.

Futbolçunun atası Kamran Babazadəyə İtaliya klublarının da maraq göstərdiyini söyləyib: “Lakin hazırda ən real və rəsmi təklif “Dinamo Zaqreb”dən gəlib”.
