“Neftçi” növbəti mövsüm qarşısına çempionluq hədəfi qoyub.
İdman.Biz-in məlumatına görə, bu barədə klubun baş icraçı direktoru Cenk Sümer jurnalistlərə açıqlamasında deyib.
“Qarşımıza çempionluq məqsədi qoymuşuq. Klub dəyişiklikdən keçir. Təzə komanda qurmaq bir mövsümdə alınmır. Heyətə yeni oyunçular cəlb olunub. Axtarışlarımız davam edir. "Neftçi"nin 90-cı ilində çempion olmaq istəyirik. Avrokubokda da iddialıyıq. Çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Buna inanırıq.
Klublarımıza avrokuboklarda uğurlar arzulayıram. Biz təlim-məşq toplanışını başa vurmuşuq. Futbolçular çox sayda məşqlər ediblər. Yeni transferlərimiz də var. Yoxlama oyunlarında meydana çıxdılar. Baş məşqçimiz və futbolçular hər şeydən razıdırlar”, - Sümer bildirib.
O, ötən mövsüm icarə əsasında heyətdə yer alan Freddi Varqası transfer etmək istədiklərini söyləyib:
"Varqası heyətə qatmaq istəyirik. Ötən mövsüm yaxşı təsir bağışlayıb. Danışıqlar davam edir. Müsbət yekunlaşacağına inanıram. Amma müqavilə imzalanmadan nəsə demək olmur".
Baş icraçı direktor avrokubokda Liqa mərhələsinə vəsiqə qazanmaq istədiklərini vurğulayıb:
"Liqa mərhələsinə vəsiqə qazanmaq niyyətindəyik. Amma asan deyil. Bütün komandaların məqsədləri var. Avrokuboklarda yaxşı nəticələrə nail olacağımıza inanıram".
"Neftçi" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) klubu ilə üz-üzə gələcək.
