“Şamaxı”nın qapıçı: “Yeni baş məşqçi ilə hər şey sıfırdan başlayır” - MÜSAHİBƏ

18 İyun 2026 17:04
95
“Şamaxı”nın qapıçı: “Yeni baş məşqçi ilə hər şey sıfırdan başlayır” - MÜSAHİBƏ

“Heyətdə dəyişikliklərin olması normaldır”.

Bunu “Şamaxı”nın qapıçısı Abdulla Seydəhmədov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– “Şamaxı” ilə yeni bir illik müqavilə imzaladınız. Başqa təklifləriniz var idi? Var idisə, nəyə görə hazırkı komandanızda qalmağı üstün tutdunuz?

– Təbii ki, transfer dövründə maraqlananlar, müəyyən təkliflər oldu. Mən çempionat bitməmiş “Şamaxı”ya qalacağımla bağlı söz vermişdim, sözümü də tutdum. Bura mənə doğmadır. Rəhbərliyin, komandanın, eləcə də azarkeşlərin mənə münasibəti çox yaxşıdır. 2023-cü ildən “Şamaxı”dayam. Bütün bunları nəzərə alaraq, burada qalmağı üstün tutdum.

– Ötən mövsümü “Şamaxı” üçün necə dəyərləndirirsiniz? Sezonu daha yuxarı pillələrdə bitirmək mümkün idi?

– Ötən mövsüm bizim üçün yaxşı keçdi. Komandadan tələb liqada qalmaq idi, bunu da bacardıq. Bəzi xal itkiləri olmasaydı, sezonun yekununda 5-ci yerdə də ola bilərdik. “Şamaxı”nın digər komandalara nisbətən büdcəsi daha aşağıdır. Bu büdcəyə görə son sezondakı nəticəmizin uğurlu olduğunu düşünürəm.

– Son iki ildə komandanı çalışdıran Ayxan Abbasov postundan ayrıldı, onu Azər Bağırov əvəzlədi. Baş məşqçi dəyişikliyi “Şamaxı”ya necə təsir göstərəcək?

– Ayxan müəllimin komandaya və bizə verdiyi bütün əməklərə görə təşəkkür edirəm. Həm onun, həm də köməkçilərinin üzərimizdə əməyi çox oldu. Qapıçılarla işləyən Kamil müəllimə də təşəkkürümü bildirirəm. O, hər 3 qapıçını çox yaxşı vəziyyətə gətirib çıxarmışdı. Onlarla yaxşı günlərimiz keçdi, amma futbolda dəyişikliklər qaçılmazdır. Azər müəllim də öz fəlsəfəsi və uğurları olan, Premyer Liqanı çox yaxşı tanıyan bir mütəxəssisdir. Biz də onun tapşırıqlarını tam şəkildə yerinə yetirməyə çalışacağıq.

– “Şamaxı”dan xeyli sayda futbolçu ayrıldı, əvəzində komandaya yeni oyunçular cəlb edilməkdədir. Yeni qurulacaq heyətlə növbəti mövsümdə daha yaxşı nəticəyə imza atmaq mümkün olacaqmı? Komandanız hansı yerlər uğrunda mübarizə aparacaq?

– Heyətdə dəyişikliklərin olması normaldır. Gedənlərə uğurlar arzulayıram, yeni gələnlərin isə komandaya güc qatacağına inanıram. Yeni heyətin uyğunlaşma dövrünü tez keçməsi üçün əlimizdən gələni edəcəyik. Konkret olaraq hansı pillə uğrunda mübarizə aparacağımızı demək, bəlkə də, tez olar. Bu barədə Azər müəllim komandanı bir araya gətirəndə məlumat verəcək. Onda biləcəyik ki, Premyer Liqada qalmaq üçün oynayırıq, yoxsa bir az yuxarı yerlər uğrunda.

– Növbəti mövsümdə fərdi baxımdan qarşınıza hansı hədəfi qoyacaqsınız? Sizcə, yeni məşqçinin gəlişindən sonra daha çox oynamaq şansı əldə edə biləcəksiniz?

– Fərdi olaraq hədəfim hər zaman maksimum dərəcədə yaxşı formada olmaq və mənə verilən şansı doğrultmaqdır. Yeni baş məşqçinin gəlişi hamı üçün sıfırdan başlamaq deməkdir. Mən rəqabətə tam hazır olmaq üçün məşqlərdə öz üzərimdə ikiqat gücümlə çalışacağam. Kimin oynayacağına isə təbii ki, baş məşqçi qərar verəcək. Mənə düşən şans gələndə qapını etibarlı qorumaq, özümü sübut etməkdir.

– Son mövsüm maraqlı və rəqabətli keçdi, oyunlardakı azarkeş sayında da artım gördük. Növbəti sezonun daha gərgin keçəcəyini gözləyirsiniz?

– Liqada səviyyə hər il daha da artır. Komandalar güclənir, artıq asan oyun yoxdur. Buna görə də növbəti mövsümün daha gərgin və maraqlı keçəcəyini gözləyirəm. “Şamaxı” azarkeşlərinin dəstəyi bizim üçün önəmlidir. Son mövsümdə tribunaları dolu görmək əlavə motivasiya verirdi. Ümid edirəm ki, növbəti sezonda azarkeş dəstəyi daha da artacaq.

İdman.Biz