Mövsümün sonunda Birinci Liqada çempion olaraq Premyer Liqaya yüksələn “Şəfa” Avropa Futbol Klubları (EFC) təşkilatına üzv qəbul edilib.
İdman.Biz xəbər verir ki, bu barədə “Şəfa” Futbol Klubu məlumat yayıb.
Bildirilir ki, bununla bağlı EFC tərəfindən kluba rəsmi məktub göndərilib.
Qeyd olunub ki, “Şəfa” artıq Avropanın müxtəlif ölkələrini təmsil edən 800-dən çox klubun yer aldığı böyük futbol icmasının bir hissəsidir. Həmin klubları əməkdaşlıq, inkişaf və futbolun uzunmüddətli uğuru naminə birgə fəaliyyət prinsipi birləşdirir.
EFC-nin əsas məqsədi Avropa futbolunun ən yüksək səviyyəsində çıxış edən klubları bir araya gətirmək, onların maraqlarını təmsil etmək və dəstəkləməkdir. Eyni zamanda, klubların futbolun gələcəyinin formalaşdırılmasında söz sahibi olması üçün şərait yaradılır.
Məktubda “Şəfa”nın üzvlüyünün klubun Avropa futbolunun ortaq gələcəyinə sadiqliyinin göstəricisi olduğu qeyd edilib və təşkilat rəhbərliyi yeni üzvlə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
