“Hər bir futbolçu kimi mən də daim oynamaq istəyirəm”.
Bunu “Araz-Naxçıvan”ın qapıçısı Tərlan Əhmədli futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– “Araz-Naxçıvan”la yeni bir illik müqavilə bağladınız. Başqa klublardan da təklifiniz var idi? Nəyə görə hazırkı komandanızda qalmağı üstün tutdunuz?
– Bəli, müəyyən təkliflər var idi. Amma “Araz-Naxçıvan”da qalmağı daha doğru seçim hesab etdim. Bu klubda özümü rahat hiss edirəm, komandanı və mühiti yaxşı tanıyıram. Bundan əlavə, rəhbərliyin mənə olan etimadı qərarımda mühüm rol oynadı. Qarşıdakı mövsümdə də komandama maksimum fayda verməyə çalışacağam.
– Ötən mövsümü altıncı pillədə tamamladınız. Komandanızın son sezondakı çıxışını necə dəyərləndirirsiniz? Avrokuboklardan kənarda qalmağınızın səbəbini nədə görürsünüz?
– Mövsüm ərzində həm yaxşı oyunlarımız oldu, həm də xal itirdiyimiz matçlar. Düşünürəm ki, bəzi qarşılaşmalarda daha diqqətli və stabil çıxış etsəydik, turnir cədvəlində daha yuxarı pillələrdə qərarlaşa bilərdik. Futbolda bəzən xırda detallar nəticəyə ciddi təsir edir. Buna baxmayaraq, komanda sonadək mübarizə apardı və hər kəs əlindən gələni etdi.
– Son mövsümün əvvəlində daha çox ehtiyatda qalsanız da, sonradan qapıda sizə şans verilməyə başladı. Öz performansınızı necə qiymətləndirirsiniz?
– Hər bir futbolçu kimi mən də daim oynamaq istəyirəm. Mövsümün əvvəlində oynamamağım məşqçilər heyətinin seçimi ilə əlaqədar idi və səbirli olub məşqlərdə üzərimdə işləməyə davam etdim. Şans qazandıqdan sonra komandama kömək etməyə çalışdım. Öz performansımı tam qiymətləndirməyi isə mütəxəssislərin və azarkeşlərin öhdəsinə buraxıram. Mənim üçün əsas olan komandaya faydalı olmaqdır.
– Mövsümə Elmar Baxşıyevlə başladınız, Andrey Demçenko ilə bitirdiniz. İki məşqçi arasında hansı fərqlər var idi?
– Hər məşqçinin öz iş prinsipləri və futbola baxışı olur. Elmar müəllim məni bu komandaya gətirən insanlardan biridir və ona hər zaman təşəkkür edirəm. Onunla da, Demçenko ilə də işləmək mənim üçün faydalı təcrübə oldu. Hər iki məşqçidən öyrəndiyim məqamlar var. Mənim üçün əsas məsələ məşqçinin tələblərini düzgün yerinə yetirmək və komandaya kömək etməkdir.
– Demçenkonun gedişindən sonra yeni məşqçinin kim olacağı hələ açıqlanmayıb. Siz yeni çalışdırıcının yerli olmasını istərdiniz, yoxsa əcnəbi?
– Bu məsələ klub rəhbərliyinin qərarıdır və onların ən doğru seçimi edəcəyinə inanıram. Futbolçu olaraq bizim işimiz meydanda üzərimizə düşən vəzifəni yerinə yetirməkdir. Kim baş məşqçi olursa-olsun, onun tələblərinə uyğun çalışmalı və komandanın uğuru üçün əlimizdən gələni etməliyik. Əsas odur ki, qarşıya qoyulan məqsədlərə çataq.
– Son mövsümdəki heyətin əksər üzvləri ilə yollar ayrıldı. Bu məqam komandaya necə təsir edəcək? Növbəti sezonda “Araz-Naxçıvan” avrokuboklara düşmək uğrunda mübarizə apara biləcəkmi?
– Futbolda belə dəyişikliklər normal haldır. Gedən futbolçulara gələcək karyeralarında uğurlar arzulayıram. “Araz-Naxçıvan” hər zaman iddialı klub olub. Düşünürəm ki, yaxşı hazırlıq keçib düzgün kollektiv formalaşdırsaq, növbəti mövsümdə də yüksək yerlər və avrokuboklara uğrunda mübarizə aparmaq gücündə olacağıq.
