Kaxaber Tsxadadze: “Komandada böyük potensial gördüm”

14 Avqust 2026 22:45
117
Kaxaber Tsxadadze: “Komandada böyük potensial gördüm”

“Yeni mövsümün başlaması münasibəti ilə hamını təbrik edirəm. Eyni zamanda avrokuboklarda növbəti mərhələyə yüksələn “Sabah” və “Qarabağ”a uğurlar arzu edirəm.

Yaxşı, maraqlı oyun oldu. Görüş bərabər mübarizə şəraitində keçdi. Birinci hissədə bir səhv etdik və rəqib fərqləndi. Bundan başqa, “Turan Tovuz”un ciddi qol epizodları olmadı”.

İdman.Biz-in xəbərinə görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Kaxaber Tsxadadze Azərbaycan Premyer Liqasının ilk turunda “Turan Tovuz”la səfər oyunundan sonra deyib.

Matç 1:0 hesabı ilə Tovuz klubunun xeyrinə bitib.

“İkinci hissədə rəqibi sıxdıq, təhlükəli vəziyyətlər yaratdıq. Son ötürmələrdə və zərbələrdə soyuqqanlılıq çatmadı. Bu heyətlə ilk oyuna çıxırdıq. Buna baxmayaraq, komandada böyük potensial gördüm. Bir qədər də artırıb növbəti oyunlarda uğurlu nəticələr əldə etməyə çalışacağıq.

Uzaq məsafə qət edib Tovuza gələn azarkeşlərimizə təşəkkür edirəm. Ötən mövsüm də çətin vəziyyətdə olarkən sonadək komandaya dəstək oldular”, - baş məşqçi bildirib.

İdman.Biz