“Kəpəz” Elmar Baxşıyevə tapşırılır?

2 İyun 2026 13:45
75
“Kəpəz” Elmar Baxşıyevə tapşırılır?

Son günlər Azərbaycan millisinin sabiq futbolçusu Elmar Baxşıyevin adı “Kəpəz”lə yanaşı hallanır. Təcrübəli mütəxəssisin Gəncə təmsilçisinin baş məşqçi postuna əsas namizədlərdən biri olduğu barədə iddialar gündəmdədir.

İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis yayılan xəbərlərə münasibət bildirərək hazırda heç bir klubla danışıqlar aparmadığını açıqlayıb.

“Mətbuatda yazılanları mən də oxuyuram. Bu günə kimi “Araz-Naxçıvan”dan ayrıldıqdan sonra heç bir klub və nümayəndə ilə görüşüm olmayıb”, - deyə o açıqlamasında söyləyib.

E.Baxşıyev gələcək karyerası ilə bağlı gözləntilərini də gizlətməyib. O, çalışacağı komandanın iddialı və rəqabətqabiliyyətli olmasının vacib olduğunu vurğulayıb:

“İstərdim çalışacağım komanda iddialı və rəqabətə davamlı olsun. Əsasən isə qarşılıqlı və məqsədli iş olmasını istəyirəm”.

Qeyd edək ki, Elmar Baxşıyev son olaraq “Araz-Naxçıvan”ı çalışdırıb. Onun adı son günlər bir sıra Premyer Liqa klubları, xüsusilə də “Kəpəz”lə əlaqələndirilir.

İdman.Biz