U-15 Liqasının qalibləri mükafatlandırılıb

9 May 2026 22:36
110
U-15 Liqasının qalibləri mükafatlandırılıb

AFFA U-15 Liqasında 2025/2026-cı illər mövsümünün qalibləri mükafatlandırılıb.

İdman.Biz bildirir ki, “Neftçi” Futbol Mərkəzində təşkil edilən tədbirdən əvvəl sonuncu turun oyunları baş tutub. A Liqasının 10-cu turunun son qarşılaşmalarında “Ulduz” “Neftçi”ni 2:1, “Sabah” isə EFA-nı 3:1 hesabı ilə məğlub edib.

Beləliklə, “Neftçi” 24 xalla mövsümü çempion kimi, “Sabah” 22 xalla ikinci, “Ulduz” isə 20 xalla üçüncü pillədə başa vurub.

Matçların ardından mükafatlandırma mərasimi baş tutub. Çempionatda 3-cü yeri tutan “Ulduz” bürünc, 2-ci pillənin sahibi “Sabah” gümüş medallarla təltif olunub. Çempion “Neftçi”yə isə qızıl medallar və kubok təqdim edilib.

Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Aktivinə 27 qol yazdıran “Karvan-Yevlax”ın futbolçusu Ramil İsmayıllı ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub. İştirakçı komandalar arasında keçirilmiş sorğuya əsasən, mövsümün ən yaxşı oyunçusu isə “Neftçi”nin üzvü Kənan Əzimov seçilib.

Mükafatları AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov təqdim ediblər.

İdman.Biz