“Zaqatala”nın baş məşqçisi: “Məğlubiyyətlər komandada artıq vərdişə çevrilə bilir”

9 May 2026 18:16
114
“Zaqatala”nın baş məşqçisi: “Məğlubiyyətlər komandada artıq vərdişə çevrilə bilir”

“Səbail”ə oyun planında uduzmadıq. Fiziki durumumuza görə ilk hissədə daha çox müdafiədən oynamağa çalışırdıq”.

Bu sözləri “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

Gənc mütəxəssis komandasının Birinci Liqanın 25-ci turunda doğma meydanda “Səbail”ə məğlub olduğu oyunu şərh edib.

“Gücümüzü əks-hücumlar üçün saxlamaq istəyirdik. İkinci hissədə rəqibin yorulduğunu görüb hücuma atıldıq. Buraxdığımız 3 qol isə öz səhvlərimizin nəticəsi idi. Hazırda müəyyən çətinliklərimiz var. Heyətdə zədəli futbolçuların sayı çoxdur. Ardıcıl 5 tur məğlub olmağımızın əsas səbəblərindən biri futbolçularda motivasiyanın azalmasıdır. Qışda yaranan maliyyə problemləri sonradan aradan qaldırılsa da, bu durum oyunçulara mənfi təsir etdi. Komandamız indi daha çox Birinci Liqadakı yerini qorumaq uğrunda mübarizə aparır. Turnir cədvəlində yüksək pillələr uğrunda oynaya bilməyəndə futbolçuları matça kökmək çətin olur. İlk dövrədə belə çıxış etmirdik, lakin sonradan nəsə dəyişdi. Futbolçuların oyuna tam köklənə bilməməsi də nəticələrə təsir edir. Məğlubiyyətlər zamanla komandada vərdişə çevrilə bilir. Bu, yaxşı hal olmasa da, futbolda rast gəlinən hallardandır”, - deyə o, sport24.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, “Zaqatala” “Səbail” matçı meydan sahiblərinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

İdman.Biz