Georgi Adamiya: “Bu müsahibəni oxuyandan sonra məni öldürəcəklər”

9 May 2026 15:54
162
Georgi Adamiya: “Bu müsahibəni oxuyandan sonra məni öldürəcəklər”

“Sürət baxımından yəqin ki, ən astagəl “İnter”də birgə oynadığım Slavço Georgiyevski idi”.

Bunu karyerasının böyük hissəsini Azərbaycanda keçirən, ölkəmizdə “Neftçi”, “Bakı”, “Qarabağ” və “İnter” klublarında çıxış edən gürcüstanlı sabiq futbolçu Georgi Adamiya futbolinfo.az-a verdiyi müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

Birgə oynadığınız futbolçulardan ən istedadlısı kim olub?

– Əfran İsmayılov. Onun böyük futbolda oynamaq üçün bütün imkanları və potensialı var idi. Sürət, driblinq, cəsarət – bir sözlə, Əfran müasir futbolda lazım olan hər şeyə sahib idi.

– Birgə oynadığınız ən sürətli futbolçu…

– Zaur Tağızadə. Sadəcə, topu onun olduğu zonaya ötürmək kifayət edirdi. Zaur sürəti ilə həmişə rəqibləri qabaqlayırdı.

– Ən astagəl, yavaş qaçan futbolçu kim idi?

– Sürət baxımından yəqin ki, ən astagəl “İnter”də birgə oynadığım Slavço Georgiyevski idi. Buna baxmayaraq, meydanda çox sürətli düşünür, anında qərar verirdi.

– Bəs, ən çalışqan kim olub?

– Ansi Aqolli. O, hər məşqdən əvvəl özünü məşqə hazırlamaq üçün idman zalına gedirdi.

– Birgə oynadığınız futbolçulardan ən tənbəli…

– Xatırlayırsınızsa, “Bakı”da braziliyalı hücumçu Jaba oynayırdı. Ən tənbəl kimi onu qeyd edərdim. Əsasən də məşqdən əlavə çalışmağı sevmirdi (gülür). İstedadlı olsa da, tənbəl idi.

– Komanda yoldaşlarınızdan ən ciddisi, zəhmlisi kim idi?

– Meydanda ən sərt və ciddi olan Rəşad Sadıqov idi. O, oyunlara həmişə çox ciddi yanaşırdı və matçda heç kimin rahatlaşmasına imkan vermirdi.

– Birgə oynadığınız futbolçulardan ən zarafatcılı kim olub?

– Mahir Şükürov, Elnur Allahverdiyev və Maksim Medvedev. Onlar həmişə zarafat edirdilər. Özü də bütün gün ərzində şən və zarafatcıl ola bilirdilər.

– Keçmiş həmkarlarınızdan ən sərt və dalaşqanı…

– Elnur Allahverdiyev və Valeri Abramidze. Bir də rəqib kimi qarşılaşdığım Füzuli Məmmədovu qeyd edərdim.

– Birgə oynadığınız ən sakit futbolçu kim idi?

– “Qarabağ”da bir yerdə oynadığım Admir Teli. Həm meydanda, həm də həyatda həmişə sakit və təmkinli idi.

– Birgə oynadığınız futbolçulardan ən çox pul xərcləyəni, yəni bədxərci kim olub?

– Yenə Jabanın adını çəkəcəm. O, pulları sağa-sola, hara gəldi xərcləyirdi (gülür).

– Bəs birgə oynadığınız ən simic futbolçu…

– Təkcə bu suala ad çəkə bilməyəcəm. Çünki mən belə bir şey hiss etməmişəm ki, kimsə pul xərcləməkdən və ya ödəməkdən imtina etsin. Ola bilsin ki, kimdəsə belə hallar olub, amma mən görməmişəm.

– Birgə oynadığınız futbolçulardan ən savadlısı kim idi?

– “Neftçi”də hücumçu var idi – Tomislav Mişura. Ondan savadlı futbolçu yadıma gəlmir. Hətta televizora da baxmırdı, ancaq kitab oxuyurdu.

– Yoldaşlarınızdan ən zövqlü geyinən kimi hesab edirsiniz?

– Subaşiç və Abramidzeni. Onlar dəblə ayaqlaşmağı çox sevir, geyimlərinə həmişə diqqət edirdilər (gülür).

– Birgə oynadığınız ən yaxşı səsi olan, ən yaxşı mahnı oxuyan futbolçu kim olub?

– Georgi Lomaya və Aleksandr Çertoqanov. Hər ikisinin yaxşı mahnı oxumağı var idi (gülür). Lomayanı xüsusi qeyd edərdim. Onun repertuarında təkcə gürcü yox, ingilis və rus mahnıları da var idi (yenə gülür).

– Bəs, ən yaxşı rəqs edən…

– Oynadığım futbolçular arasında rəqs edənləri az görmüşəm. Düzdür, Jaba rəqs etməyi sevirdi. Amma bu suala cavab olaraq Ramazan Abbasovun adını çəkəcəm, yaxşı rəqs etməyi var. Yəqin ki, bu müsahibəni oxuyandan sonra məni öldürəcəklər (gülür).

İdman.Biz