Tiaqo Silva: “Final üçün heç bir bəhanə olmamalıdır” - MÜSAHİBƏ

9 May 2026 11:38
159
Tiaqo Silva: “Final üçün heç bir bəhanə olmamalıdır” - MÜSAHİBƏ

“Normalda biz hər dəfə növbəti oyunu düşünürük”.

Bunu “Zirə”nin qapıçısı Tiaqo Silva futbolxeber.az-a verdiyi müsahibədə deyib.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan Premyer Liqasının 31-ci turunda “İmişli” ilə heç-heçə etdiniz (0:0). Xal itkisinə səbəb nə oldu?

- Çox çətin matç oldu. Ot örtüyü əlverişli deyildi. Çətin rəqibə qarşı oynadıq. “İmişli” yüksək motivasiya ilə mübarizə aparırdı. Xüsusən də müdafiə planında yaxşı idilər, əks-hücumlara bel bağlayırdılar. Əfsuslar olsun ki, qol vura bilmədik. İstəyimiz nəticə bu deyildi.

- Demək olar ki, bu xal itkisindən sonra “Zirə”nin avrokuboklar ümidi kubokadır?

- Normalda biz hər dəfə növbəti oyunu düşünürük. Artıq qarşıdakı matç finaldır. Təbii ki, final digər oyunlardan fərqlənir. Hazırlıq üçün 2-3 günümüz var. Hamı meydanda bacardığının ən yaxşısını nümayiş etdirməyə çalışacaq. Ümidvaram ki, finala qədər bərpa olub istədiyimiz nəticəni qazanacağıq.

- Adətən mövsümün sonunda oyunlara köklənmək çətin olur. Bu baxımdan problem yaşayırsınız?

- Bəli, mövsümün sonu həmişə çətin keçir, həm mental, həm də fiziki yorğunluq. Lakin final üçün heç bir bəhanə olmamalıdır. Çünki mövsum boyu məhz bu matçda iştirak etmək üçün mübarizə aparırıq. Hər komanda, hər futbolçu istəyər ki, bizimlə yerini dəyişib finalda meydana çıxsın. Odur ki, həlledici görüşə ən yüksək motivasiya ilə hazırlaşacağıq.

- Deyirlər yaxşı qapıçı komandanın yarısıdır. Tiaqo Silva finalda komandasının yarısı ola biləcək?

- Normalda özümü böyük oyunları sevən qapıçı kimi xarakterizə edərdim. İstər finallar olsun, istər avrokuboklar matçı. Dediyim kimi, 2-3 gün vaxtımız var. Mən də çalışacağam ki, tam bərpa olub finalda maksimum gücümü ortaya qoyum.

- Penaltilər üzərində xüsusi çalışacaqsınız?

- Tək penaltilər yox, istənilən element üzərində işləməliyik. Çünki oyunun nə qədər davam edəcəcəyi də bilinmir. Bu, 90 dəqiqə də ola bilər, 120 də, daha artıq da. Hamımız komanda olaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Təbii ki, penaltilər də finalda bizə köməyi çatacaq bir elementdir. Lakin heç kim düşünməsin ki, “Zirə” oyunu penaltilər seriyasına daşımağa çalışacaq.

İdman.Biz