“Neftçi” növbəti mövsüm üçün heyət planlamasını davam etdirir.
İdman.Biz İdmanxeber.az-a istinadən xəbər verir ki, rəhbərlik iki futbolçu ilə müqavilə müddətini uzatmağa hazırlaşır.
Söhbət yarımmüdafiəçi Emin Mahmudov və qapıçı Emil Balayevdən gedir. Hər iki oyunçuya yeni müqavilə təklif ediləcək.
Artıq onlarla şifahi razılıq əldə olunub. Məşqçilər heyəti də adıçəkilən futbolçulardan razıdır.
Yayda müqaviləsi başa çatacaq 34 yaşlı Mahmudov və 32 yaşlı Balayev önümüzdəki illərdə də paytaxt təmsilçisində çıxış edəcəklər. Onlar digər təkliflərlə maraqlanmırlar.
Qeyd edək ki, Emin Mahmudov bu mövsüm “Neftçi”nin heyətində bütün turnirlərdə 31 oyun keçirib, 10 qol və 7 məhsuldar ötürməylə yadda qalıb. Emil Balayev isə 4 matçda meydana çıxıb, 2 görüşdə qapısını toxunulmaz saxlayıb.
