“Qarabağ” klubunun futbolçusu Marko Yankoviç səkkiz oyunluq cəza alıb.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna səbəb aprelin 22-də keçirilən Azərbaycan Kubokunun 1/2 finalının “Sabah”la cavab oyununda baş verənlərdir.
Belə ki, oyun bitdikdən sonra Yankoviç hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığına, dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə, hakimə hədə-qorxu gəldiyindən kubokun qarşıdakı 8 oyununu buraxacaq. Bu səbəbdən Ağdam klubu 25 500 manat ziyana düşüb.
Qarşılaşmanın 37-ci dəqiqəsində “Qarabağ” komandasının 99 nömrəli qapıçısı Mateus Koxalski rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyunluq cəzalandırılıb, “Qarabağ” komandası isə 1000 manat cərimələnib.
Ağdam klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə 2000 manat, pirotexniki vasitədən istifadə edildiyinə görə 7000 manat, kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə 8000 manat, sektorda zərər və dağıntı törədildiyinə görə 5000 manat cərimələnib. Stadionda sındırılmış 70 ədəd oturacağa görə dəymiş zərər “Qarabağ” komandası tərəfindən qarşılanmalıdır.
Oyun bitdikdən sonra “Qarabağ” komandasının məşqçisi Hüseyn Seyidov hakimə fiziki təzyiq göstərməyə çalışdığına, onu təhqir etdiyinə görə 6 oyunluq cəzalandırılıb, komanda 18000 manat cərimə edilib.
Ağdam klubunun əməkdaşı İlqar Şamilov oyunun rəsmi şəxsinə fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun oyunluq, klub isə 8000 manat cərimələnib.
Bununla yanaşı, “Sabah” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat ziyana düşüb.
Masazır təmsilçisinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə isə 2000 manat, meydançaya kənar şəxs daxil olduğuna görə 6500 və pirotexniki vasitədən istifadə edildiyinə görə 3000 manat cərimələnib.
