Azərbaycan çempionatında 20 ilin ən böyük üstünlüyü – TƏHLİL

Təhlil
7 Yanvar 2024 15:51
761
Azərbaycan çempionatında 20 ilin ən böyük üstünlüyü – TƏHLİL

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısının startına iki həftə qalıb.

İdman.biz xəbər verir ki, 14 gündən sonra bərpa olunacaq çempionatın ilk iki dövrəsi “Qarabağ”ın böyük üstünlüyü ilə başa çatıb.

Qış çempionu olan Qurban Qurbanovun yetirmələri 18 oyunda 41 xal toplayıb. Ağdam klubu ən yaxın izləyicisi “Zirə”ni 12 xal qabaqlayır.

Rekord 50 faiz yeniləndi
Ölkə futbolunda yeni klubların yarandığı, sponsorların axının başladığı 2004-cü ilin yayından sonrakı dövrə baxsaq, qış çempionları heç vaxt belə üstünlüyə malik olmayıb. 2004/05 mövsümündən başlayan dövrdəki 20 çempionatın ən böyük fərqinə “Qarabağ” imza atıb. 20 ildə heç bir lider yeni il öncəsi belə üstünlük əldə etməyib. Bu dövr üçün əvvəlki rekord da elə ağdamlılara məxsus idi. Qurbanovun komandası 2016-cı ili “İnter”dən (indiki “Şamaxı”) 8 xal öndə qarşılayıb. “Qarabağ” həmin rekord üstünlüyü 8 il sonra 50 faiz yaxşılaşdırıb.

İki dəfə şərikli lider
Bu 20 mövsümlük dövrdə yalnız iki dəfə qış çempionu izləyicisini əlavə göstəricilərdə qabaqlayıb. 2004/05 və 2005/06 mövsümlərində “Qarabağ”la “Karvan” liderlik etsə də, izləyiciləri ilə xal fərqi yarada bilməyib. Ən böyük fərq qeydə alınan mövsümlərin hamısı Ağdam klubundadır. 12 və 8 xallıq üstünlükləri ilə rekordçu olan “Qarabağ” qışa iki dəfə 7, iki dəfə 6 xal öndə yollanıb. Digər klublar üçün isə maksimum üstünlük 5 xaldan ibarət olub.

Az xalla böyük fərq
Belə böyük üstünlük “Qarabağ”ın qışa qədər topladığı xal sayında da rekord vurması fikri yarada bilər. Lakin heç də belə deyil. Ötən il Ağdam klubu indikindən 9 xal artıq yığmışdı. Hətta həmin vaxt qış çempionundan 7 xal geri qalan “Sabah” da indiki liderdən yaxşı nəticə göstərib.

Son 20 mövsümün qış çempionları (ikinci yerlə xal fərqi)
2004/05 – “Qarabağ” (0)
2005/06 – “Karvan” (0)
2006/07 – “Xəzər Lənkəran” (5)
2007/08 – “Olimpik” (5)
2008/09 – “İnter” (2)
2009/10 – “İnter” (1)
2010/11 – “Neftçi” (1)
2011/12 – “Neftçi” (1)
2012/13 – “İnter” (1)
2013/14 – “Qarabağ” (1)
2014/15 – “Qarabağ” (5)
2015/16 – “Qarabağ” (8)
2016/17 – “Qarabağ” (1)
2017/18 – “Qarabağ” (6)
2018/19 – “Neftçi” (3)
2019/20 – “Qarabağ” (6)
2020/21 – “Neftçi” (1)
2021/22 – “Qarabağ” (7)
2022/23 – “Qarabağ” (7)
2023/24 – “Qarabağ” (12)

Vüqar Xeyrullayev
İdman.biz