"Sabah" qalib gəldi, amma Dambrauskas narazı qaldı

27 Aprel 2026 22:28
173
"Sabah" qalib gəldi, amma Dambrauskas narazı qaldı

Misli Premyer Liqasının XXIX turunda keçirilən "Sabah" – "Karvan-Yevlax" (2:0) matçından sonra meydan sahiblərinin baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis qarşılaşmanın çətin keçdiyini bildirib və komandasının xüsusilə ilk hissədə istədiyi oyunu sərgiləyə bilmədiyini vurğulayıb:

"Oyun çox ağır keçdi. "Qarabağ"a qarşı keçirdiyimiz iki çətin matçdan sonra bunun belə olacağını gözləyirdik. İlk hissədə istədiyimiz səviyyədə çıxış etmədik, qol imkanlarımız olsa da, onları dəyərləndirə bilmədik. Fasilədən sonra daha enerjili oynadıq və qələbə üçün mübarizə apardıq. Rəqibin risk edəcəyini düşünürdüm, amma onlar öz oyun üslublarına sadiq qaldılar. Açığı, azarkeşlər üçün baxımlı qarşılaşma olmadı. İndi isə yolumuza davam edirik və növbəti oyuna hazırlaşacağıq".

Baş məşqçi Xəyal Əliyevin oyun vaxtı ilə bağlı sualı da cavablandırıb:

"Burada əsas məsələ rəqabətdir. Komandada hücum xəttində güclü oyunçular var və əsas heyətə düşmək asan deyil. Xəyal bu mövsüm bizə fayda verib, xüsusilə Mikelsin yoxluğunda önəmli rol oynayıb. Amma o, üzərində daha çox işləməli və özünü göstərməlidir. Qərarım dəyişməzdir. Əgər belə davam etsə, gələcəkdə daha çox şans qazana bilər".

İdman.Biz